29.06.1994-07.11.2020
29 iyun 1994-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-2011-ci illərdə Lənkəran şəhərinin 4 saylı orta məktəbində təhsil almışdır. 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sərhədçi peşəsinə olan marağı onu Dövlət Sərhəd Xidmətinə gətirmişdir. 27.03.2018-ci il tarixdən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Orxan 4 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında kəşfiyyatçı kimi xidmətə başlamışdır. , daha sonra isə snayperçi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə intizamlı olmuş, verilmiş tapşırıqları dəqiq və vaxtında yerinə yetirmiş, komandirlərinin və yoldaşlarının etimadını qazanmışdır. Həssaslığı və çalışqanlığı ilə seçilən Orxan həm də sərrast snayperçi kimi formalaşmış, təlimlərdə yüksək nəticələr göstərmişdir.
Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə atılan Orxan sərrast atəşləri ilə onlarla düşmən əsgərini məhv etmiş, düşmənin atəş nöqtələri susdurulmuş, qüvvələrimizin irəlləməsinə əlverişli şərait yaradılmışdır. Xocavənd rayonunun yaşayış məntəqələrinin və Zəngilan şəhərinin azad olunması əməliyyatlarında fəal iştirak etmişdir. Oktyabrın 21-də çevik hərəkət taboru ilə Zəngilan istiqamətində bir sıra yüksəkliklərinin azad edilməsi uğrunda döyüşlərə qatılmış, şəxsi igidlik nümunəsi göstərmişdir.
Böyük zəfərə 2 gün qalmış – noyabrın 7-də Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 yüksəkliyini düşməndən azad edilərkən Orxan əhrəmancasına şəhid oldu.
Ailəli idi.
Kiçik gizir Quluzadə Orxan Elxan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Qarabağ” ordeni”, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
8 noyabr 2020-ci ildə Lənkəran şəhərində Şəhidlər xiyabanında dəfn edilib.