+
-
Azərbaycanın dövlət sərhəd mühafizə sistemi sovet hakimiyyəti illərində (aprel 1920 - dekabr 1991-ci il)
Azərbaycan SSR-in ərazisi ilk vaxtlarda 97,3 min km2 olmuşdur. Sonrakı proseslər nəticəsində Azərbaycan öz ərazisinin bir hissəsini, xüsusən Göyçə, Şərur-Dərələyəz, Zəngəzur istiqamətində xeyli ərazi itirmiş və 86,6 min km2 əraziyə malik olmuşdur. Bu dövrdə Azərbaycan SSR şimalda RSFSR (Dağıstan MSSR), şimal-qərbdən Gürcüstan SSR, qərbdə Ermənistan SSR və Türkiyə, cənubda İranla, şərqdə Xəzər dənizi ilə həmsərhəd idi. Paytaxtı Bakı şəhəri idi. Onun tərkibinə Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) daxildi. 1976-cı ilin məlumatına görə, respublikada 61 inzibati rayon, 60 şəhər, 125 şəhərtipli qəsəbə və fəhlə qəsəbəsi mövcüd olmuşdur.

1922-ci ilin martın 12-də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradıldı. Azərbaycan SSR ZSFSR tərkibinə daxil olundu və həmin addım əslində Azərbaycanın formal müstəqilliyinin də ləğvi demək idi. 1922-ci ilin dekabrın 30-da isə birinci Sovetlər qurultayı SSRİ-nin yaranması barədə qərar qəbul etdi. Azərbaycan SSR ZSFSR tərkibində SSRİ-yə daxil oldu və bununla da öz müstəqilliyini itirdi.

Bölgədəki vəziyyətlə yaxından maraqlanan Türkiyə bundan əvvəl, yəni 1920-ci ilin dekabr ayının 2-də Ermənistan ilə Gümrü (Aleksandropol) müqavi-ləsini bağlamışdı və İrəvan bölgəsi ilə Göyçə gölü istisna olmaqla bütün Ermə-nistan ərazisi Türkiyənin himayəsinə keçmişdi. Lakin Sovet Rusiyası Gümrü müqaviləsini tanımaqdan imtina etdi.

1921-ci ilin fevral-mart aylarında Naxçıvan ərazisi yenidən müzakirə ob¬yek¬tinə çevrildi. 1921-ci ilin yayında ermənilər Naxçıvana hücum etmişdilər və türk qoşunları tərəfindən bölgədən çıxarılmışdılar. 1921-ci ilin mart ayının 16-da isə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Moskva müqaviləsi imzalandı və qərara alındı ki, tərəflər müqavilənin 3-cü maddəsində göstərilən sərhədlər çərçivəsində Azərbaycanın himayəsi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu üçüncü dövlətə güzəştə getməməlidir. Bununla da Naxçıvan məsələsi özünün ədalətli həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən olsa da, qorunmuş oldu. Moskva müqaviləsinin şərtləri 1921-ci ilin oktyabr ayının 13-də bağlanmış Qars müqa¬viləsi ilə daha da möhkəmləndirildi, Naxçıvanın sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. Müqavilə müddətsiz imzalandı və bu, Naxçıvanın gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb etdi. Diyarın sonrakı statusunun müəyyənləşdirilməsində bir neçə mərhələ baş verdi: Naxçıvan əvvəlcə «Nax¬çıvan SSR» adı ilə Azərbaycan SSR himayəsində respublika (22.V.1922), sonra Azərbaycan SSR tərkibində «Muxtar ölkə» (11.XII.1923), daha sonra yenə də Azərbaycan SSR tərkibində «Naxçıvan SSR» (11.XII.1923) statusu ilə qaldı. Nəhayət, 1924-cü ilin fevralın 9-da «Naxçıvan MSSR» təsis olundu.

Naxçıvan Muxtar SSR ərazisi şimalda və şərqdə Ermənistan SSR ilə (224 km sərhəd xətti ilə), qərbdə və cənubda Türkiyə (11 km) və İranla (163 km) həmsərhəd olmuşdur. Sahəsi 5,5 min km2 idi. Azərbaycan ərazisinin 6,4%-ni təşkil edirdi. Respublika 5 inzibati rayonu- Babək, Şərur, Ordubad, Сulfa və Şahbuz rayonlarını birləşdirirdi. Onun tərkibində 4 şəhər, 2 şəhərtipli qəsəbə, 215 kənd və qəsəbə vardı. Paytaxtı Naxçıvan şəhəri idi. Naxçıvan MSSR-in Türkiyə ilə çox da uzun olmayan sərhədi bölgənin gələcək təhlükələrdən qorunması və eləcə də, iqtisadi və mədəni həyatında mühüm rol oynadı.

20-ci illərin əvvəllərində Azərbaycan Xalq Сümhuriyyəti dövründə respublikanın təxminən 114 min km2 ümumi ərazisi vardı. Onun 97,3 min km2 mübahisəsiz, 16,6 min km2 isə mübahisəli ərazilər hesab olunurdu. Ərazi məsələ¬lərinin birtərəfli, daşnak-bolşevik sayağı «həlli» nəticəsində mübahisəli ərazilər bədnam qonşularımızın ixtiyarına keçdi. Beləliklə, həmin illərdə Azərbaycanın 29,8 min km2 ərazisi itirildi.