1918-ci il mayın 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul olundu. Dövlət müstəqilliyinin Tiflisdə elan edilməsinin əsas siyasi səbəbi ölkənin paytaxtı Bakı şəhərinin başda Stepan Şaumyan olmaqla cinayətkar bolşevik rejiminin əlində olması idi. 1918-ci il sentyabrın 15-də Bakı düşmənlərdən təmizləndi və həmin ayın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin müvəqqəti paytaxtı Gəncədən Bakıya köçdü. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti yarandı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvan şəhərinin, eləcə də Eçmiədzin qəzasının Ermənistana verilməsi qərarı ilə razılaşdı. Bu qərarın bağışlanmaz bir səhv olduğunu açıq söyləyən İrəvan quberniyasından Milli Şuraya seçilmiş üç deputatın– M.H.Seyidov, N.Nərimanbəyov və R.Bağırovun yazılı etirazlarına baxmayaraq, məsələ Milli Şuranın mayın 29-da keçirən üçüncü iclasında da müzakirə edilmədi. Ermənilər İrəvanı ələ keçirdikdən sonra Azərbaycana qarşı ərazi iddialarının coğrafiyasını zaman-zaman genişləndirməyə başladılar. Azərbaycan Milli Şurasının həmin səhv siyasi addımı milli mənafeyə vurulan ən ağır zərbə idi. Nəticədə Azərbaycanın tarixi torpağı İrəvan xanlığının Göyçə mahalının qərb hissəsi faktiki olaraq əldən çıxdı. Azərbaycanın qərb sərhədləri Göyçə gölü ilə məhdudlaşdı və bu göl iki respublika– Azərbaycan və Ermənistan arasında sərhəd ərazisinə çevrildi. Gölün Şərq hissəsi «Göyçə dairəsi» statusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qaldı. Onun ərazisi əsrin ilk illərindəki Yeni Bəyazid qəzasının şərq torpaqlarını əhatə edirdi və Göyçə gölünün şimalındakı Maralicə dağının qərbindən başlayaraq gölün şərq tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qərbinə çatırdı.
Ermənistan hökuməti əldə etdiyi güzəştə (İrəvana yiyələnməsinə) baxmayaraq, Azərbaycana təcavüzünü gücləndirir və yeni əraziləri – Zəngəzuru, Qarabağı, Naxçıvanı ələ keçirməyə cəhd göstərirdi. Ciddi səhvə yol vermiş Azərbaycan hökuməti daha yeni ərazilər itirməmək üçün mühüm tədbirlər həyata keçirirdi və məhz bunun sayəsində hökumət sonrakı fəaliyyəti dövründə mövcud ərazilərini qoruyub saxlaya bildi.
Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri, hüdudları barədə danışarkən iki cəhəti nəzərə almaq lazımdır: mübahisəli ərazilər nəzərə alınarsa, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daha geniş olmuş, cənub-qərbdə Qazax çayının Araza qovuşduğu yerə, şimal-qərbdə isə təqribən Tiflisə kimi uzanmışdır. Yalnız mübahisəsiz ərazilər, yəni 97,3 min kv. km-lik ərazi nəzərdə tutularsa, dövlətin sərhədləri aşağıdakı istiqamətlərdən keçmişdir: şərqdə Xəzər dənizi ilə hüdudlanan Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri Astara ərazisinin cənubundan Talış dağları istiqaməti ilə qərbə tərəf uzanırdı. Daha sonra şimala tərəf uzanaraq Araz çayına çatan sərhədlər çayın axarının əks istiqamətində irəliləyərək, Naxçıvanın cənub-qərbində Sədərək yaşayış məntəqəsinə çatır və buradan şimal-şərq istiqamətində, Soğanlı məntəqəsindən isə birbaşa şimala gedərək Göyçə gölünə qovuşurdu. Göyçə gölü Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında sərhəddə idi. Göyçə mahalının şərq hissəsi Azərbaycanın, gölün qərb hissəsi isə Ermənistanın tərkibində idi. Göyçədən şimalda Azərbaycan Gümhuriyyətinin sərhədləri yenə də şimala doğru istiqamətlənmiş, Qazax mahalının şimalından təqribən Qabırlı çayı ilə şərqə, daha sonra şimal-qərbə, nəhayət, Zaqatala dairəsinin şimalından cənub-şərqə və yenə də şimal-şərqə uzanmışdır. Daha sonra isə Samur çayı boyunca uzanan sərhədlər Xəzərə qovuşurdu.
1918-ci ilin 28 mayında Milli Şura tərəfindən dövlət müstəqilliyinin elan edilməsindən sonra həmin il iyun ayının 17-də Gəncədə fəaliyyətə başlayan Azərbaycan hökumətinin qarşısında duran ən mühüm məsələlərdən biri gənc respublikanın hərbi qurumlarını yaratmaq, dövlət sərhədlərini möhkəmləndirmək, xarici və daxili təhdidlərdən ölkənin müdafiəsini təmin etmək istiqamətində təcili tədbirlər görməkdən ibarət idi. Bakını əlində saxlayan erməni, daşnak-bolşevik qaragüruhunun Gəncə üzərinə hücum hazırlaması, ölkənin hər an müdaxilə təhlükəsi qarşısında olması və digər təhlükələri nəzərə alan hökumət iyunun 19-da Azərbaycanda hərbi vəziyyət elan etdi. Azərbaycanın qonşu dövlətlərlə sərhədlərinin müəyyənləşdirilməməsi, sərhədlərin mühafizəsi işini tamamilə öz üzərinə götürəcək bir qurumun olmaması vəziyyəti daha da çətinləşdirirdi.
Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan kənara ərzaq daşınmasının qarşısının alınması üçün sərhəd postu yaradılması barədə Daxili İşlər Nazirliyinə müvafiq tapşırıq verildi. Bu postun ardınca Azərbaycan Respublikasının əksər sərhəd ərazilərində Daxili İşlər Nazirliyinin tabeliyində olan sərhəd mühafizə qüvvələri yaradıldı. İlk dövrlərdə bu postların başlıca vəzifəsi gənc respublikanın milli sərvətlərinin, strateji əhəmiyyətə malik maddi ehtiyatlarının sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə aparmaq idi. Strateji məhsulların xaricə daşınmasının qarşısının alınması ilə bağlı növbəti belə qərarlar iyunun 24-də və 27-də qəbul olundu.
Ancaq gündəlik məlumatların təhlili açıq-aydın göstərirdi ki, yeganə sərhəd postunda ərazidən qanuni yolla keçirilən yüklərin yoxlanılmasını təşkil etməklə qaçaqmalçılığın qarşısına sədd çəkmək mümkün deyil. Buna görə də yeni postların yaradılması, sərhədin heç olmasa bir qəza hüdudunda nəzarətə götürülməsi problemi getdikcə daha zəruri şəkildə meydana çıxırdı. Gürcüstan və Ermənistanla sərhəd ərazidə yerləşən Qazax qəzasında vəziyyəti nizama salmağın çox çətin olacağını nəzərə alan hökumət iyul ayının 12-də növbəti qərarı ilə Daxili İşlər Nazirliyinə bu qəzanın daha iki məntəqəsində– Salahlı və Şıxlı kəndlərində sərhəd postları təşkil etmək barədə göstəriş verdi. 1918-ci ilin iyul ayında Kür çayı üzərində (Sınıq Körpüdə) 5 nəfər, Salahlı kəndində 6 nəfər, Şıxlı kəndində 6 nəfər, Qıraqkəsəmən kəndində 6 nəfər və Poylu stansiyasında 15 nəfərdən ibarət sərhəd postları təşkil edildi.
Qaçaqmalçılığın qarşısının alınması sahəsində vəzifələrin yerinə yetirilməsi ilə məşğul olan ilk sərhəd postları hələ bugünkü mənada dövlət sərhədinin hərtərəfli mühafizəsi vəzifələrini yerinə yetirmirdi. Bu postlar sərhədi qanunsuz keçən quldur dəstələri ilə mübarizənin təşkilində və sərhədlərin tam nəzarətə götürülməsində çox zəif idi. Azərbaycanın qərb sərhədlərində vəziyyət bir çox baxımdan gərgin idi. Əvvəla, qonşu respublikalarla münasibətlər heç də birmənalı deyildi və hər an istər ərazi, istərsə də milli-etnik və digər səbəblər ucbatından qarşıdurmalar baş verə bilərdi. Hətta bunlar nəzərə alınmasa belə, sərhəddə sakit xidmət şəraitindən danışmaq mümkün deyildi. Çünki məhz bu ərazilərdə qaçaqmalçılıq görünməmiş miqyas almışdı. Ermənistanla vəziyyətin hər an müharibə həddinə çatmasının labüd olduğu bir vaxtda ilk dövrlərdə Gürcüstanla sərhəddə postların qoyulması ilə bağlı da bəzi ərazi mübahisələri baş verirdi. 1918-1920-ci illərdə Gürcüstanla sərhəddə yaranmış mübahisəli, hətta münaqişə həddinə gəlib çatan vəziyyətlər haqqında da kifayət qədər arxiv materialları var. Bu materialların əksəriyyəti ərazi məsələləri ilə bağlı qarşılıqlı iddialarla əlaqədar idi və çoxu Zaqatala quberniyasının payına düşürdü. Bu ərazilərdə sərhəd postları yaradılmasına nisbətən əvvəl başlamış gürcülər arasında bəziləri (bəlkə də Gürcüstan sərhədində qulluq edən ermənilər) hər vasitə ilə öz postlarını Azərbaycan ərazisində yerləşdirməyə çalışır, tarixən mövcud olmuş sərhədləri bilərəkdən pozurdular. Belə mövqe hər iki gənc müstəqil respublikanın ümumi mənafelərinə zidd olsa da, bəziləri onun hansı nəticələrə aparıb çıxaracağına lazımi məsuliyyətlə yanaşmır, ənənəvi gürcü-azərbaycan dostluğuna xələl gətirirdilər. Ancaq Azərbaycan hökumət nümayəndələrinin vaxtında gördükləri tədbirlər nəticəsində bu cür münaqişələr yerindəcə danışıqlar vasitəsi ilə həll edilir, yaxud diplomatik xətlə aradan qaldırılırdı. Yalnız qarşı tərəfin hərəkətlərinin vətəndaşlarımızın həyatı üçün təhlükə doğurduğu vaxtlarda digər müstəsna tədbirlərin görülməsi nəzərdə tutulurdu.
İran sərhədində müxtəlif quldur dəstələrinin basqını ilə əlaqədar əhalinin vəziyyətinin gərgin olması da sərhəd məsələlərinə diqqətin artırılmasını, postların sayının çoxaldılmasını, ümumiyyətlə, sərhədlə bağlı problemlərin hökumət səviyyəsində həll olunmasını tələb edirdi. Bunu nəzərə alan Azərbaycan Respublikasının Nazirlər Şurası 1919-cu il mart ayının 10-da İranla sərhədlərin qorunması üçün qanunvericilik əsasında sərhəd mühafizəsinin təşkili barədə qərar qəbul etdi. Bu qərarla Daxili İşlər Nazirliyinə Muğan hüdudunda 200 atlıdan ibarət mühafizə dəstəsi yaradılması həvalə olundu.
1919-cu ilin ikinci yarısına qədər Lənkəran qəzası və Muğanın bir hissəsi tamamilə Azərbaycan hakimiyyətinin tabeliyinə keçməmişdi. Bu ərazilərdə kifayət qədər dövlətə müqavimət göstərən silahlı qüvvələr mövcud idi. Həmin qüvvələrin qəti surətdə məğlub edilməsi yalnız Hərbi Nazirliyin birləşmələri tərəfindən həyata keçirilən 1919-cu ilin uğurlu avqust əməliyyatından sonra mümkün oldu. Qeyd edilən vaxta qədər isə nəinki sərhədin mühafizəsi, hətta ərazinin tam nəzarətdə saxlanılması üçün yerli hakimiyyətin təşkili də böyük problemə çevrilmişdi.
İran tərəfi ilə danışıqlara gəlincə isə, bu, yerli səviyyələrdən daha çox Azərbaycan dövlətinin mərkəzi idarəetmə orqanları vasitəsilə aparılır, sərhəddə baş verən hadisələr haqqında qonşu dövlətin rəsmi şəxsləri vaxtlı-vaxtında xəbərdar edilirdilər. Bir dəfə isə təqribən 18 ay müddətində cənub sərhədlərimizdə baş verən 50-yə yaxın müxtəlif hadisə barədə İran tərəfinə xronoloji ardıcıllıqla xüsusi material çatdırılmışdı.