+
-

Baş gizir ALLAHYAROV ŞAHİN HÜSEYNBALA OĞLU

29.01.1993-31.10.2020
29 yanvar 1993-cü ildə Hacıqabul rayonunda anadan olmuşdur. 1999-2010-cu illərdə Quba rayonu Zizik kənd Əli Heydər adına tam orta məktəbdə təhsil almışdır. 2011-2012-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2016-cı ildən Dövlət Sərhəd Xidməti siralarına qəbul olunmuşdur. Zaqatala sərhəd dəstəsində müxtəlif vəzifələrdə xidmət etdiyi dövrdə özünü bacarıqlı hərbiçi kimi göstərmişdir. 2019-cu ildən Sərhəd Qoşunlarının Qazax əlahiddə sərhəd diviziyasında kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirən Şahin mənfur düşmənlə üzbəüz xidmət aparmağı ilə qürur duyardı.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin bir sıra yaşayış məntəqələrimizin azad olunmasında qəhrəmanlıq göstərmişdir. Cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənmişdir.
Oktyabr ayının 20-də baş gizir Allahyarov Şahin döyüşçü yoldaşları ilə birlikdə düşmən arxasına sızmış, Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsi, azad olunmuş yaşayış məntəqələrinin və ətraf ərazilərin düşməndən təmizlənməsində rəşadət göstərmişdir.
Şahinin son döyüşü Şuşa şəhəri uğrunda oldu. Vətən müharibəsinin gedişatında xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad olunması cəsur kəşfiyyatçı Şahin Allahyarovun ən böyük arzularından biri idi. Lakin bu onun sonuncu döyüşü oldu. 31 oktyabrda 2020-ci il tarixdə Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Ailəli idi. 2 övladı var. Vəsiyyət etdiyi kimi ölümündən sonra dünyaya gələn oğluna Şahin adı qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlıq nümunəsinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda”və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
3 noyabr 2020-ci ildə Quba rayonunun Zizik kəndində kəndində dəfn edilmişdir.

Baş gizir YUSİFLİ AZƏR NAZİM OĞLU

28.03.1994-21.10.2020
28 mart 1994-cü ildə Ağstafa rayonu Böyük Kəsik kəndində anadan olmuşdur. 2011-ci ildə kənd orta məktəbini bitirmiş, 2013-cü ildə müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildən Dövlət Sərhəd Xidməti sıralarına daxil olan Azər 2014-cu il noyabr ayından 2019-cu il sentyabr ayınadək Göytəpə sərhəd dəstəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. 2020-ci ilin fevral ayından Çevik Hərkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətini davam etdirmişdir.
Vətən müharibəsi başlayanda digər döyüş yoldaşları kimi Azər də ön cəbhəyə yollandı və elə ilk günlərdən bir sıra uğurlu döyüş əməliyyatlarında iştirak etdi. Daşkəsən rayonu ərazisində yerləşən Hinaldağ istiqamətində yerləşən ərazilərdə, həmçinin, Ağdağ yüksəkliyi istiqamətində yerləşən düşmən müdafiəsinin yarılması əməliyyatlarında yaxından iştirak edərək düşməni ağır itkilərə məruz qoymuşdu. Azər Cəbrayıl rayonunun Mirək, Kavdar və Hacılı kəndlərinin işğaldan azad edilməsində rəşadət göstərmişdir.
Baş gizir Yusifli Azər oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş, Azərbaycan Respublikasının Dövlət Bayrağını Zəngilan şəhərinə sancmışdır. 21 oktyabr 2020-ci il tarixdə düşmən Zəngilanı geri qaytarmaq məqsədilə əks-hücüma keçmişdir. Basqının qarşısının alınması zamanı baş gizir Yusifli Azər sinəsini sipər edərək düşmənin qarşısına kəsmiş, xeyli sayda düşməni məhv edərək qəhrəmancasına şəhid olmuşdur.
Subay idi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, baş gizir Yusifli Azər Nazim oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
22 oktyabr 2020-ci ildə Ağstafa rayonunun Böyük-Kəsik kəndində dəfn olunmuşdur.

Kiçik gizir NOVRUZOV AMİN TACƏDDİN OĞLU

16.08.1996-01.11.2020
16 avqust 1996-ci ildə Balakən rayonunun Qullar kəndidə anadan olmuşdur. 2002-ci ildə Cərətli kəndində Mikayıl Muşviq adına orta məktəbdə 1-ci sinifə getmiş, 2008-2013-cü illərdə isə Texniki-Təmayülü liseydə təhsilini davam etdirmişdir. 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 16.02.2017-ci il tarixdən Dövlət Sərhəd Xidməti sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Amin 5 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə tamaladıqdan sonra Amin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında tuşlayıcı-operator vəzifəsində xidmətə başlamışdır. Amin xidmət etdiyi müddətdə intizamlı olmuş, verilmiş tapşırıqları dəqiq və vaxtında yerinə yetirmiş, keçirilən taktiki təlimlərdə yüksək nəticələr əldə etmiş, hərbi hissənin ən yaxşı tuslayıcı-operatorlardan biri olmuşdur.
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Amin Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 16 oktyabr 2020-ci il tarixdən Cəbrayıl-Zəngilan istiqamətində İran İslam Respublikası ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərdə qəhrəmanlıq və şücaət göstərmişdir. Noyabrın 1-də 1117.0 adsız yüksəkliyinin azad edilməsində Amin şəxsi igidlik nümunəsi göstərmişdir. Həmin gün yüksəkliyin geri alınması məqsədilə düşmənin əks-hücumun qarşısını alarkən boğazindan ağır güllə yarası alan Amin “ ..düşünməyin ki, mən ölümdən qorxuram, yox, əgər sağ qalsam yenidən bu vətən üçün döyüşməyə gələcəm, yox əgər şəhid olsam Vətən sağ olsun” deyərək gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.
Subay idi.
Kiçik gizir Novruzov Amin Tacəddin oğluna döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
3 noyabr 2020-ci il tarixdə Balakən rayonu Şəhidlər xiyabanında dəfn edilib.

Kiçik gizir İBRAHİMLİ NAİL NƏRİMAN OĞLU

04.03.1994-08.11.2020
4 mart 1994-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Xaçmaz kəndində Vüqar İbrahimov adına orta məktəbdə təhsil almışdır. 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin mart ayından Dövlət Sərhəd Xidmətinin sıralarına daxil olan Nail xidmətə başladığı Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsində intizamı və çalışqanlığı fərqlənmişdir. Xidmətdə əldə etdiyi müsbət nəticələr, şəxsi keyfiyyətləri nəzərə alınaraq Nailin xidmət yeri daha çətin və məsuliyyətli yerə, Qazax əlahiddə sərhəd diviziyasının kəşfiyyat bölüyünə dəyişdirildi.
Vətən müharibəsinin ilk günündən cəbhəyə yollanan Nailin döyüş yolu Daşkəsən rayonu ərazisində yerləşən Hinaldağ istiqamətində başladı, sonradan isə cəbhənin Füzuli, Cəbrayıl və Xocavənd istiqamətinə dəyişdirildi. Nail tərkibində olduğu qrupla birlikdə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə xüsusi fərqlənmişdir.
Oktyabrın 20-də Nail döyüşçü yoldaşları ilə birlikdə Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin və ətraf ərazilərin düşməndən azad edilməsi əməliyyatlarında iştirak etmişdir.
30 oktyabr 2020-ci il tarixdən Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri ilə birlikdə hərəkət edən Dövlət Sərhəd Xidmətinin 3 qrupundan birinin tərkibində döyüşən kiçik gizir İbrahimli Nail Şuşa şəhərinin azad olunması məqsədilə başlayan döyüş əməliyyatlarına qoşulmuş, Laçın yolu və Şuşa şəhəri ətrafındakı yüksəkliklərin ələ keçirilməsində xüsusi fərqlənmiş, şiddətli döyüşlərdən sonra noyabrın 7-də qruplarla birlikdə Şuşa şəhərinə daxil olmuşdur. Noyabrın 8-də Muxtarkənd kəndinin azad edilməsi və Xankəndi istiqamətində yerləşən strateji yuksəkliklərin əldə saxlanılması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Subay idi.
Kiçik gizir İbrahimli Nail Nəriman oğluna ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
12 noyabr 2020-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində dəfn edilib.