Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim tarixə və mədəniyyətə malik diyarı olmaqla bərabər, həm də ən qədim dövlətçilik tarixi olan bir ölkəsidir. Bu ərazidə insanın məskən salması 2,5 mln. illik bir dövrü əhatə edir. Azərbaycan ərazisində tarixin bütün mərhələlərinin minilliklərlə hesablanan izi vardır. Azərbaycan ərazisində yaşayan əhali barədə ilk mənbələr miladdan əvvəl III minilliyin II yarısına aid edilir. Bu dövrə aid Şumer-Akkad mənbələrində Azərbaycan və onunla qonşu olan vilayətlərdə baş vermiş müharibələr, siyasi hadisələr, burada yaşamış tayfaların adları və s. haqqında məlumatlar verilir. Cənubi Azərbaycanda və ona bitişik olan ərazilərdə yaşamış tayfalar haqqında ilkin yazılı mənbələr miladdan əvvəl XXIII əsrə aiddir. Mənbələrdə kutilər, lullubilər, hurrilər və başqaları haqqında məlumatlar vardır. Azərbaycan və onunla qonşu olan ərazilərdə yaşayan tayfalar arasında mövcud olan münasibətlər və onların tez-tez müharibələrlə müşayiət olunması ilk növbədə yeni ərazilərin ələ keçirilməsi səbəbi ilə izah olunur. Mənbələr miladdan əvvəl XXIII əsrin son rübündə qədim Azərbaycanın ən güclü tayfalarından olan kutilərin başçısı Enridavazirin Mesopotamiyaya hücum etməsi və Akkad qoşunlarını məğlub edərək, bu ölkənin cənubuna gəlməsi və burada özünü «dünyanın dörd ölkəsinin hökmdarı» elan etməsi haqqında məlumatlar verir. Kuti hökmdarının əmri ilə buna dair böyük bir kitab da tərtib edilmişdi.
Azərbaycan ərazisində sinifli cəmiyyətin yaranması prosesi onun şimalı ilə müqayisədə cənubunda daha erkən baş vermiş və burada ilk dövlət qurumu meydana gəlmişdir. Bu, miladdan əvvəl adı ilk dəfə Asur-Urartu mənbələrində və İncildə (Bibliyada) çəkilən Manna dövlətidir. Manna dövləti miladdan əvvəl 843-cü ildə yaranmış və miladdan əvvəl 593-cü ilə qədər mövcud olmuşdur. Bu dövlət Lullubini adlanan Böyük Zamua vilayətinin bir hissəsində olan Daxili Zamuanın ərazisində meydana gəlmişdir. Mannanın sərhədləri cənubda Diyala və Zab çaylarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə Urmiya gölünə kimi uzanırdı. Paytaxtı İzurtu şəhəri idi. Dövlətin ərazisi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünmüşdü. Miladdan əvvəl 714-cü ildə Urartu çarı I Rusanın Assur hökmdarı tərəfindən məğlub edilməsi Manna sərhədlərinin genişlənməsinə səbəb oldu. Bu dövrdə yarımmüstəqil hakimlərin ucqar torpaqları da Mannaya tabe idi.
Miladdan əvvəl 593-cü ildə Midiya dövləti, miladdan əvvəl 550-ci ildə isə Haxamanişi (Əhəməni) fars imperiyası tərəfindən işğal olunan Manna ərazisində miladdan əvvəl 321-ci ildə burada canişin olan Atropat tərəfindən yenidən müstəqil dövlət yaradıldı.
Atropatena dövlətinin ərazisi əsasən müasir Cənubi Azərbaycan, bütün Şimali Azərbaycanın qərb və cənub torpaqlarını əhatə edirdi. Ölkənin Şimal sərhədləri çox vaxt Araz çayına, şərq sərhədləri Xəzər dənizinə, cənub sərhədləri isə Əlvənd dağlarına qədər olan əraziləri özündə birləşdirirdi. Ölkənin paytaxtı Qazaka şəhəri idi. Qeyd etmək lazımdır ki, qədim və antik dövrdə bütün şərq dövlətlərində olduğu kimi, Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya və Atropatena dövlətlərinin sərhədləri müasir dövrdən fərqli olaraq daimi xarakter daşımırdı. Bunu həmin dövrlərə dair qədim mixi və digər yazılı mənbələr də təsdiq edir. Manna, Midiya və Atropatena ərazilərində kifayət qədər inkişaf etmiş şəhər həyatı mövcud olmuşdur. Bu şəhərlər əsasən hündür qala divarları ilə əhatə edilir və divarlar üzərində tikilmiş gözətçi qüllələri vasitəsi ilə mühafizə olunurdu. Atropatenada Vera, Qaleye-Sasan, Qaleye-Navduz, Ərdəbil şəhərindən 30 km şimal-qərbdə Qala və s. istehkamlar da var idi. Atropatena orta fars (pəhləvi) abidələrində Adurbadağan («odun himayəsində olan ölkə») adlanır. Miladdan sonra 226-cı ildə Atropatena İranda hakimiyyəti ələ keçirmiş Sasanilər tərəfindən işğal edilir və onun əyalətlərindən birinə çevrilir. Atropatena Sasani imperiyasının «İran olmayan» 27 ölkəsindən biri idi. Sasani hökmdarı I Xosrov Ənuşirəvanın 552-ci ildə imperiya ərazisində apardığı ərazi-inzibati islahatı nəticəsində Adurbadağan (Azərbaycan) dövlətin 4 iri canişinliyindən (kustundan) birinə çevrildi. Azərbaycan kustu adlanan bu kusta indiki Cənubi və Şimali Azərbaycan əraziləri də daxil idi. Bu dövrdə Azərbaycanın bir vilayət kimi hüdudları şimalda Dərbənd şəhərinə, cənubda Zəncan şəhəri və Dilavər düzünə qədər uzanır, Xilvan düzü və Şəhrəzurdan keçərək, qərbdə Dəclə çayına qovuşan əraziyə qədər çatırdı.