+
-

Polkovnik Atakişiyev İntiqam Vahid oğlu

07.04.1974
Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik Atakişiyev İntiqam Vahid oğlu 7 aprel 1974-cü ildə Qəbələ rayonunda anadan olub.

1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub.

İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb.

O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.

İ.Atakişiyev 1995-ci ildən 2004-cü ilədək «N» saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.

İ.Atakişiyev 1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.

1995-ci ilin mart ayında dövlət çevrilişi etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində şəxsi igidlik və şücaət göstərib.

İ.Atakişiyevin dövlətin qorunmasında xidmətləri yüksək qiymətləndirilib və dahi öndərimiz Heydər Əliyevin 1995-ci il 4 aprel tarixli 307 saylı Fərmanı ilə İntiqam Vahid oğlu Atakişiyev «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb. 

Baş leytenant Əliyev Əmiraslan Rza oğlu

30.08.1960-17.03.1995

30.08.1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Sərhəd Diviziyasının DSMB-də baş zabit vəzifəsində xidmət etmişdir. 17.03.1995-ci ildə dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı həlak olmuşdur. 4 aprel 1995-ci il tarixli 307 saylı fərman ilə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Naxçıvan Sərhəd Diviziyasının “N” saylı sərhəd zastavasına Azərbaycanın Milli Qəhrəmanı baş leytenant Əliyev Əmiraslan Rza oğlunun adı verilmişdir.

Baş leytenant Məmmədov Eldar Harun oğlu

10.01.1968-23.02.1993

10.01.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Sərhəd Qoşunları İdarəsinin Kadrlar şöbəsinin zabiti vəzifəsində xidmət etmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından 23.02.1993-cü ildə həlak olmuşdur. 11 dekabr 1994-cü il tarixli 247 saylı fərman ilə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Göytəpə Sərhəd Dəstəsinin "N" saylı sərhəd zastavasına Azərbaycanın Milli Qəhrəmanı baş leytenant Məmmədov Eldar Harun oğlunun adı verilmişdir.

Gizir Cəfərov Faiq Əliqulu oğlu

01.05.1974-21.08.1999

01.05.1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olmuşdur. «Bakı» ƏNBM-də 3-cü bölmənin nəzarətçisi vəzifəsində xidmət etmişdir. Dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı şəxsi şücaət və igidlik göstərmişdir. 

27 dekabr 1995-ci il tarixli 427 saylı fərman ilə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür. 21.08.1999-cu ildə avtomobil qəzasında həlak olmuşdur.

kursant Mansurov Bəhruz Qəhrəman oğlu

13.03.1975-17.03.1995

13.03.1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbinə daxil olmuşdur. 1995-ci ilin mart ayında dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı həlak olmuşdur. 4 aprel 1995-ci il tarixli 307 saylı fərman ilə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür. 

Azərbaycan Resublikası Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Göytəpə Sərhəd Dəstəsinin “N” saylı sərhəd zastavasına Azərbaycanın Milli Qəhrəmanı kursant Mansurov Bəhruz Qəhrəman oğlunun adı verilmişdir.

Əsgər İsgəndərov Eltun Xaləddin oğlu

21.10.1990-18.06.2009

21.10.1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 22.10.2008-ci ildə hərbi xidmətə çağırılmışdır. Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət etmişdir.

2009-cu il iyun ayının 18-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında dövlət sərhədinin qorunması üzrə döyüş tapşırığını yerinə yetirərkən sərhəd pozucularının atdığı qumbaranın üstünü bədəni ilə örtərək komandirlərinin və əsgər yoldaşlarının həyatını öz həyatı bahasına xilas etmişdir.

25 iyun 2009-cü il tarixli 349 saylı fərman ilə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür.