“15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyi ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, Milli Sərhəd Strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xidmət etməkdən qürur hissini ifadə etmək məqsədilə 12 iyun 2018-ci il tarixdə xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən “İlham Əliyev zirvəsi”nə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi yürüşləri təşkil olunmuşdur.
Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından və Şəmkir sərhəd dəstəsinin “Keşikçi dağ” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq əraziləri böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvələrə qalxaraq orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, Dövlət Himnini ifa etmiş və qayalar üzərinə “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyini tərənnüm edən lövhələr bərkitmişlər.
Zirvələrdə nitq ilə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini və böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi olaraq qeyd edərək yaxın zamanlarda dövlətimizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə etmişlər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi