+
-
16.03.2018
16.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan xalqının tarixi mədəni irsinə bağlılığının təntənəsi və mənəviy­yat xəzinəmiz olan Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin si­lahlı birləşmələrində və hərbi hissələrində silsilə tədbirlər davam etdirilir.

2018-ci ilin 15 mart tarixində Novruz bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluq­çuları və işçiləri üçün möhtəşəm bayram konserti təşkil olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin və rəqs ansamblının yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanmış, musiqiçilərin və solistlərin canlı ifaları, rəqs ansamblının parlaq çıxışları böyük maraqla izlənilmişdir.

Konsert proqramının ilk hissəsində dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının motivləri əsasında qurulmuş musiqili tamaşa nü­mayiş etdirilmişdir. Milli musiqi mədəniyyətimizin ən uca zirvəsində yer tutan “Arşın mal alan” əsərinin 105 illik yubileyinə həsr olunmuş tamaşada Əsgər ro­lunda DSX nümunəvi hərbi orkestrinin solisti Fəxri Kazım Nicat, Süleyman ro­lunda DSX nümunəvi hərbi orkestrinin solisti Tural Ağasıyev, Gülçöhrə rolunda Azərbaycan Respublikası­nın əməkdar artisti Afaq Abbasova, Asya rolunda Elnarə Xəlilova, Soltan bəy rolunda Murad Əli­bəyli, Vəli rolunda DSX-nin rəqs ansamblının baş xoreoqrafı Fərid İbrahimov, Tel­li rolunda Günel Əliyeva çıxış etmişlər.

Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin baş dirijoru mayor Səməd Vəkilovun, rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərlik etdikləri yaradıcı kollektivin böyük uğuru olan musiqili tamaşa tədbir iştirakçılarının sürəkli alqışları ilə qarşı­lanmışdır.      

Konsert proqramının davamında rəqs ansamblının ifasında milli və xarici ölkələrin rəqsləri, DSX nümunəvi hərbi orkestrinin solistlərinin, həmçinin bayram gecəsinin xüsusi qonaqları Azər­baycan Respubli­kasının əməkdar artist­ləri Afaq Abbasovanın və Çinarə Şirinin, ta­nınmış estrada müğən­niləri Elnarə Xəlilo­vanın və Dilarə Kazımovanın ifasında Azər­baycan və əcnəbi bəstəkarların əsərləri bayram gecəsini xüsusilə yaddaqa­lan etmişdir.

Nümunəvi hərbi orkestrin ilk dəfə olaraq milli geyimdə çıxış et­mə­si isə bayram tədbirinin Novruz abu-havasını daha da artırmışdır. Xüsusi zövqlə hazırlanmış konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük sevinc və məmnunluq hissləri ilə qarşılanmışdır.      

Şəxsi heyətdə xüsusi bayram əhval-ruhiyyəsi yaradan, hərbi qulluqçuların milli ruhda tərbiyələn­dirilməsi və mənəvi-psixoloji vəziyyət­lərinin daha da yük­səl­dilməsi üçün mühüm əhəmiyyət kəsb edən bu cür tədbirlərin Dövlət Sərhəd Xidmətinin bütün sərhəd zastavalarında və digər sərhəd mühafizə bölmələrində təşkil olunması nəzərdə tutulmuşdur.

 

                                            Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw