Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış uğurlarla qarşılayır. Hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanması Dövlət Sərhəd Xidmətinin çoxşaxəli fəaliyyətində prioritet istiqamətlərdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin keçirilməsi xüsusi yer tutur.
Bu ildə ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibəti ilə bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və sərhədyanı yaşayış məntəqələrinin orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilmişdir. Müsabiqədə 1000 nəfərdən çox yaradıcı insan – peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.
Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 29 şeir, 19 hekayə, 31 qəzet məqaləsi, 16 rəsm əsəri və 37 inşa yazısı müsabiqənin finalına buraxılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının və Mətbuat Şurasının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalına buraxılmış əsərlərin arasından qaliblər müəyyən edilmişdir.
Avqust ayının 11-də Dövlət Sərhəd Xidmətinin Aparatında müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə və Rəssamlar İttifaqının rəyasət heyətinin üzvü Aydın Rəcəbov iştirak etmişlər. Çıxış edənlər sərhədçilərin fədəkar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə və sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqənin çox böyük əhəmiyyəti olduğunu vurğulamışlar.
Tədbirdə müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunmuş, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi