18.04.2012 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində enerci ehtiyatlarının, neft və qaz yataq­larının, neft-qaz çıxarma platformalarının və sualtı ixrac boru kəmər­lə­rinin qorunması, müasir texniki imkanlardan istifadə etməklə döyüş ha­zırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində önəmli tədbirlər həyata keçirməkdədir.

 Bu istiqamətdə həyata keçirilən tədbirlər arasında Xəzər dənizində taktiki təlimlərin keçirilməsi mühüm yer tutur. DSX-nin hissə və böl­mələrinin dənizdə müm­kün təhdidlərə qarşı birgə xidməti-döyüş və əmə­liyyat-taktiki hərəkət­lə­ri­nin işlənilməsi və təkmilləşdirilməsi məqsədilə keçirilən geniş miqyaslı tak­tiki təlimlər sərhədçilərin peşəkar­lıq sə­viyyəsinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.

Aprel ayının 12-18-də «Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindəki adalarda neft-qaz çıxarma rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının aparılması» mövzusunda döyüş atəşi ilə taktiki təlimlər keçirilmişdir. Təlimlərə Dövlət Sərhəd XidmətiSahil Müha­fizəsinin Sərhəd Gözətçi Gəmiləri, itisürətli kater və qayıq­ları, Aviasiya dəstəsinin helikopterləri, Fövqəladə Hallar Nazir­liyinin Aviasiya dəstəsinin helikopterləri və Dövlət Yan­ğından Mühafizə Xidmətinin yanğınsöndürmə gəmiləri cəlb olun­muşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qüvvə və vasitələrə sıra baxı­şının keçirilməsi ilə başlanan təlimlər üç mərhələdə keçirilmiş, 9 taktiki epizod uğurla icra edilmişdir. Dövlət Sərhəd Xidməti Sahil Mühafi­zəsinin, Aviasiya dəstəsinin qüvvə və vasitələrinin neft-qaz çıxarma rayonlarının, platformalarının, ixrac boru kəmərlərinin müha­fizəsi və müdafiəsinin gündəlik şəraitdən xüsusi şəraitə keçirilməsi epi­zodu icra edildikdən sonra aşkar edilmiş şərti düşmənin terror-təxribat qrupu zərər­sizləş­dirilmişdir. Şərti düşmənin terror-təxribat qrupunu dəstək­ləyən hava hədəfi “İqla” tipli daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edilmişdir. Sonra təyin edilmiş rayonda helikopterlər və gəmilər birgə sərhəd axtarışı keçirmiş, şərti düşmənin sualtı təxribat qrupu aşkar­lanaraq məhv edilmişdir.

Növbəti epizodlarda sorğuya cavab verməyən və hərəkətini davam etdirərək ərazidən uzaqlaşan gəminin dayandırılması, saxlanılmış gəmiyə gücləndirilmiş baxış qrupunun çıxarılması, xüsusi təlim keçmiş xidməti itlər və axtarış avadanlıqları vasitəsi ilə baxışın keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləsdirilməsi, partlayıcı maddələ­rin və narkotik vasitələrin aşkar edilməsi elementləri uğurla icra olun­muşdur. Saxlanılan gəmidə yanğın cəhdinin qarşısı Fövqəladə Hallar Nazirliyinin gəmi və helikopterləri tərəfindən alınmış, yaralanmış, suya düşmüş insanların xilas edilməsi və təxliyyəsi müvəffəqiyyətlə aparıl­mışdır. Təlimlərdə zenit artilleriya qurğularından, iri çaplı pulemyot­lardan və müxtəlif tipli raket qurğularından döyüş atışları da  mü­vəffəqiyyətlə keçirilmişdir. Ümumi­likdə 1200 nəfər hərbi qulluqçunun iştirak etdiyi taktiki təlimlərə 21 gəmi, 20 itisürətli kater və qayıq, 8 helikopter cəlb olunmuşdur.

Təlimlərdə möhkəm intizam və yüksək döyüş hazırlığı nümayiş etdirilmiş, qarşıya qoyulan vəzifələr, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan böl­məsində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və xilasetmə əməliyyat­larının aparılması zamanı Dövlət Sərhəd Xidməti ilə Fövqəladə Hallar Nazirliyinin bölmələrinin qarşı­lıqlı idarə olunmasında təcrübənin, qu­rum­lararası məlumat müba­diləsinin təkmilləş­dirilməsi, qarşılıqlı əla­qənin təşkili məsələləri tam həcmdə yerinə yetir­ilmişdir.

Təlimlərin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşun­larının Komandanı general-leytenant Elçin Quliyev yüksək peşəkarlıq göstərdiklərinə görə şəxsi heyətə təşəkkür elan etmişdir. Sonra Dövlət Sərhəd Xidmətinin rəisi və Fövqəladə Hallar Nazirliyinin rəhbər zabit­ləri  şəxsi heyətlə birgə nahar etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi