Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılmışlar.
Belə ki, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş 4 bağlama aşkar olunmuşdur.
Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılmış, mümkün hərəkət marşrutları nəzarətə götürülmüş, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olunmuşdur. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılmışdır.
Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılmış, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilmişdir. Fakt üzrə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşlikatçısı olan Azərbaycan Respublikasının vətəndaşı Bərdə rayon sakini 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılmışdır.
Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram “marixuana”, 7 kq 600 qram “heroin”, 400 qram “metamfetamin”)və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb)bənzər maddələrin olması müəyyənləşdirilmişdir.
Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi