23.04.2022, 08:49 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aprel ayının 21-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində "Opel Astra" markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılmış, onların Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyən­ləşdiril­mişdir. Saxlanılma zamanı R.Albabayev sərhədçilərə bıçaqla müqavimət göstər­məsinə baxmayaraq sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə nail olmuşlar.    

Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaş­mağa cəhd göstərən avtomobilin sürücüsü həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılmışdır. Onun Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyən edilmişdir.

Saxlanılmış şəxslərin üzərilərində aşkarlanmış bağlamaya baxış zamanı 3 bükümdən 7 kiloqram 755 qram “marixuana”ya bənzər narkotik vasitə götürül­müşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

      

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80