+
-
15.04.2022
15.04.2022, 12:44- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmal­çılıqla mübarizə fəaliyyətləri davam etdirilir.

Aprel ayının 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən külli miqdarda tütün məmulat­larının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınmışdır.

Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması haqqında daxil olmuş siqnal əsasında sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, əraziyə hərəkət edən sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmiş­dir. 

Sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərin­dəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib geriyə qaç­mışlar.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 7 ədəd bağlamaya baxış keçirilərkən 8 380 qutu (4330 qutu  “Marlboro” və 4050 qutu “KENT” markalı) siqaretləri aşkar olunaraq götürülmüşdür. 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw