08.04.2022, 11:37 - Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatı

7 aprel tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində hərəkəti müşahidə olunmuş, sərhəd pozucularının hərəkəti nəzarətə götürülmüşdür.  

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­araq sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozu­cu­ları sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd etmişlər.

Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilmiş, sərhəd pozucularından biri zərərsiz­ləşdirilmiş, digəri saxlanılmış, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənmişdir. Hal-hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürül­müşdür. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim etmişdir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlu­mat­landırılmışdır.

Qeyd edilən faktla bağlı cinayət işi başlanılmış, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80