Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal altındakı sərhədlərimizin azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri davam etdirilir.
Bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri, eləcə də sərhəd mühafizə infrastrukturunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.
Noyabr ayının ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan - İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənmiş, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşdirilmişdir.
Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanmış, 1300 m məsafədə işlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi