Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.
Sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 240 qram narkotik vasitəyə, 1620 ədəd psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin, eləcə də silah-sursatın dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr tarixində Biləsuvar şəhəri, 15 sentyabr tarixində Cəbrayıl rayonunun Əmirvarlı və Cəlilabad rayonunun Kövüzbulaq kəndləri istiqamətində dövlət sərhədinin yaxınlığında ümumi çəkisi 18140qram narkotik vasitəyə bənzər maddələr (15515 qram “heroin”, 375 qram “marixuana”, 310 qram “metamfetamin” və 2300 qram növü bilinməyən dərman) aşkarlanaraq götürülmüşdür.
Sentyabr ayının 30-da saat 03:40 radələrində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əlində bağlama ilə hərərkət edən bir nəfər şübhəli şəxs saxlanılmışdır.
Araşdırma zamanı qeyd olunan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Ağayev Asif Ağacəfər oğlu olması müəyyənləşdirilmiş, onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 10100 qram narkotik vasitəyə bənzər maddələr (9100 qram “heroin”, 300 qram “metamfetamin”, 700 qram “marixuana” və 1620 ədəd güclü təsirli dərman preparatları), 1 ədəd 9 mm kalibrli “AKREP 2004 magnum” markalı tapança, 1 ədəd güllə darağı və 2 ədəd güllə aşkar olunaraq götürülmüşdür.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi