+
-
17.08.2021
17.08.2021, 12:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 33 kiloqram olan narkotik vasitənin, 314 ədəd psixotrop və güclü təsirli maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Avqust ayının 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılmışdır.

Saxlanılan şəxsin Beyləqan rayon sakini 1981-ci il təvəllüdlü Ağayev Vüsal  Bayram oğlu olması müəyyənləşdirilmiş, onun əlindəki qara rəngli idman çantasına baxış zamanı içərisində təxmini çəkisi 33 kiloqram narkotik vasitəyə (25 kiloqram 340 qram “heroin”, 5 kiloqram 800 qram “metamfetamin”, 1 kiloqram 720 qram “marixuana”, 60 qram “tiryək”, 284 ədəd “metadon” M40 və 30 ədəd “preqabalin” dərman həbləri) oxşar maddələr aşkar olunaraq götürülmüşdür. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

         Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw