+
-

II Fəsil. Azərbaycan Respublikasının dövlət sərhədi rejimi

Maddə 8. Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin müəyyən edilməsi

Azərbaycan Respublikasının dövlət sərhədi rejimi-Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi qaydasını, xarici təyyarələrin və başqa uçuş aparatlarının Azərbaycan Respublikasının hava fəzasına girməsi və orada olması, xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Azərbaycan Respublikasının ərazi sularında üzməsi və olması, xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Azərbaycan Respublikasının daxili sularına və limanlarına girməsi və orada olması, Azərbaycan Respublikası dövlət sərhədinin lazımi qaydada saxlanması, Azərbaycan Respublikasının dövlət sərhədində müxtəlif işlərin görülməsi, mədən fəaliyyəti və başqa fəaliyyət göstərilməsi qaydası bu Qanunla, Azərbaycan Respublikasının qanunvericilik aktları və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri ilə müəyyən edilir.

Maddə 9. Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi

Azərbaycan Respublikasının dövlət sərhədindən keçən dəmiryolu, avtomobil, dəniz, çay, hava nəqliyyatı əlaqəsini və başqa əlaqələri sərhəd qoşunları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi buraxılış məntəqələrində Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq həyata keçirir. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri və gömrük idarələri yaradılır.

Qeyri-hərbi və hərbi dəniz gəmiləri Azərbaycan Respublikasının dövlət sərhədini bu Qanuna, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən və «Dəniz gəmiçilərinə bildirişlər»də dərc edilən qaydalara müvafiq surətdə keçirlər.

Hava gəmiləri Azərbaycan Respublikasının dövlət sərhədini bu Qanuna, habelə Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən qəbul edilən və «Aeronaviqasiya məlumatları məcmuəsi» ndə dərc edilən qaydalara uyğun olaraq xüsusi ayrılmış hava uçuş dəhlizləri vasitəsilə keçirlər. Hava dəhlizlərindən kənarda Azərbaycan Respublikası dövlət sərhədinin üzərindən uçub keçməyə yalnız Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının xüsusi icazəsi ilə yol verilir.

Maddə 10. hava gəmilərinin uçması və enməsi

Hava gəmiləri Azərbaycan Respublikasından yola düşərkən beynəlxalq uçuşlar üçün açıq olan, sərhəd qoşunlarınun nəzarət-buraxılış məntəqələri və gömrük idarələri olan aeroportlardan (aerodromlardan) uçur, Azərbaycan Respublikasına gəldikdən sonra həmin aeroportlara (aerodromlara) enirlər.

Hava gəmilərinin uçmasının və enməsinin başqa qaydasını yalnız müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 11. Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi zamanı nəzarət

Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd və gömrük nəzarəti həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrini, gömrük, sanitariya-karantin, baytarlıq, fitosanitariya və sənətşünaslıq idarələri (nəzarətçi qrupları) yaradır.

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd, gömrük, sanitariya-karantin, baytarlıq və fitosanitariya nəzarətini, Azərbaycan Respublikasından bədii, tarixi və başqa mədəni sərvətlərin aparılmasına nəzarəti həyata keçirmək üçün lazımi binalar ucaldır, sərhəd mühafizə dəstəsinin nəzarət-buraxılış məntəqələrini, gömrük idarələrini və şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikası dövlət sərhədindən keçməsinə nəzarət edən digər idarələri yerləşdirmək üçün xidmət otaqları ayırır.

Şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən sadələşdirilmiş qaydada buraxılışı məntəqələri Azərbaycan Respublikasının əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Sadələşdirilmiş buraxılış qaydası Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə müvafiq surətdə müəyyən edilir.

Şəxslərin, nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sərhədkeçmə nəzarəti həyata keçirilərkən «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edilir. Ölkəyə gələn və ölkədən gedən şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatı «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Sərhədkeçmə yoxlamasının nəticələri barədə məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış şəxslər haqqında məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin «Sərhədkeçməyə məhdudiyyət siyahısı»na daxil edilir.

Maddə 12. Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması

Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd qoşunları buraxır.

Nəqliyyat təşkilatlarının vəzifəli şəxsləri və nəqliyyat vasitələrinin sahibləri sərhəd qoşunları gömrük və ya digər aidiyyəti orqanların nümayəndələrinin tələbi ilə plomblanmış vaqonları, avtomobilləri, konteynerləri, gəmi anbarlarını və xaricə gedən dəniz və hava gəmilərinin başqa yerlərini və yüklərini açmağa borcludurlar.

Plomblanmış vaqonları, avtomobilləri, konteynerləri, gəmi anbarlarını və nəqliyyat vasitələrinin rəsmiləşdirilmiş xüsusi buraxılışı olan yüklərin vurulduğu başqa yerlərini sərhəd qoşunları və ya digər aidiyyəti orqanlar bu şərtlə açmırlar ki, qablar, plomblar və möhürlər zədələnməmiş olsun, habelə bunlarda Azərbaycan Respublikasının dövlət sərhədlərini pozanların və ya Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qadağan edilmiş əşyaların və materialların gizlədilməsi əlamətləri olmasın.

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın buraxılması üçün sadələşdirilmiş qayda qoyula bilər.

Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak, qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılırlar.

Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək üçün etibarlı sənədlərə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmaya bilərlər.

Maddə 13. Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçid

Azərbaycan Respublikasının ərazi sularından dinc məramlı keçid Azərbaycan Respublikasının daxili sularına girmədən ərazi sularından keçmək və ya Azərbaycan Respublikasının daxili sularına və limanlarına girmək, yaxud bunlardan açıq dənizə çıxmaq məqsədi daşıyır.

Xarici qeyri-hərbi gəmilər Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçmək hüququndan Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə müvafiq surətdə istifadə edirlər.

Xarici qeyri-hərbi gəmilər dinc məqsədlə keçid zamanı adi naviqasiya səmtində və ya Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən tövsiyə edilən səmtdə, habelə dəniz dəhlizləri ilə, yaxud hərəkətin ayrılması sxemlərinə uyğun səmtdə üzməlidirlər.

Dinc keçid qaydalarını pozan xarici qeyri-hərbi gəminin kapitanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

Xarici hərbi gəmilər, habelə sualtı qayıqlar dinc məqsədlə Azərbaycan Respublikasının ərazi sularından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirlər. Bu zaman sualtı qayıqlar, digər sualtı nəqliyyat vasitələri suyun üstü ilə öz bayraqları altında üzməlidirlər.

Maddə 14. Xarici qeyri-hərbi və hərbi gəmilərin Azərbaycan Respublikasının daxili sularına və limanlarına girməsi qaydası

Xarici qeyri-hərbi gəmilər Azərbaycan Respublikasının bu gəmilər üçün açıq olan reydlərinə və limanlarına girə bilərlər. Xarici qeyri-hərbi gəmilər üçün açıq olan reydlərin və limanların siyahısı, bu reydlərə və limanlara girmək və orada olmaq-yük və sərnişin əməliyyatları aparmaq qaydası, gəmilərin sahillə əlaqəsi, gəmi heyəti üzvlərinin sahilə çıxması, gəmi heyətinin üzvü olmayan şəxslərin gəmilərə gəlməsi qaydaları, xarici qeyri-hərbi gəmilərin Azərbaycan Respublikasının daxili sularına və limanlarına girməsi və orada olması ilə əlaqədar digər qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə və «Dəniz gəmiçilərinə bildirişlər»də dərc edilən qaydalarla müəyyən olunur.

Başqa qayda nəzərdə tutulmadıqda xarici hərbi gəmilər Azərbaycan Respublikasının daxili sularına və limanlarına müvafiq icra hakimiyyəti orqanının qabaqcadan verdiyi icazəyə və onların daxili sulara və limanlara girməsinin «Dəniz gəmiçilərinə bildirişlər»də dərc edilən qaydalarına müvafiq surətdə girirlər.

Maddə 15. Xarici qeyri-hərbi və hərbi gəmilərin Azərbaycan Respublikası sularında naviqasiya qaydalarına və digər qaydalara riayət etmək vəzifəsi

Xarici qeyri-hərbi və hərbi gəmilər Azərbaycan Respublikasının ərazi və daxili sularında üzərkən və olarkən radio rabitəsi, naviqasiya, liman, gömrük, sanitariya qaydalarına və digər qaydalara riayət etməlidirlər.

Maddə 16. Xarici qeyri-hərbi və hərbi gəmilərin Azərbaycan Respublikası sularında ovçuluq, tədqiqat və axtarış fəaliyyətinin qadağan edilməsi

Azərbaycan Respublikasının ərazi və daxili sularında xarici qeyri-hərbi və hərbi gəmilərin ovçuluq, tədqiqat və axtarış fəaliyyəti qadağan edilir; bu fəaliyyətin Azərbaycan Respublikası səlahiyyətli orqanlarının icazəsi ilə, yaxud Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri əsasında göstərildiyi hallar istisna təşkil edir.

Maddə 17. Azərbaycan Respublikası sularının ayrı-ayrı rayonlarında qeyri-hərbi və hərbi gəmilərin üzməsinin və olmasının qadağan edilməsi

Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qərarı ilə Azərbaycan Respublikasının ərazi və daxili sularında elə rayonlar müəyyən edilə bilər ki, orada qeyri-hərbi və hərbi gəmilərin üzməsi və olması qadağan edilsin. Belə rayonların müəyyən edilməsi «Dəniz gəmiçilərinə bildirişlər»də elan olunur.

Maddə 18. Azərbaycan Respublikasının dövlət sərhədində təsərrüfat fəaliyyətinin qaydası

Sərhəd çaylarının, göllərinin və digər sututarlarının Azərbaycan Respublikasına məxsus hissəsində gəmiçilik, sudan istifadənin başqa növləri, müxtəlif hidroqurğular tikilməsi, digər işlərin görülməsi, Azərbaycan Respublikasının dövlət sərhədində torpaqlardan, meşələrdən, heyvanlar aləmindən istifadə edilməsi, filizçıxarma, geoloji axtarışlar və digər təsərrüfat fəaliyyəti Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq müqavilələrə uyğun olmalı və Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qayda təmin olunması şərtilə həyata keçirilməlidir.

Azərbaycan Respublikasının dövlət sərhədində hər növ təsərrüfat fəaliyyətinin qaydası Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilir və bu fəaliyyət sərhəd qoşunları ilə razılıq əsasında həyata keçirilir.

Maddə 19. Yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda Azərbaycan Respublikasının dövlət sərhədindən keçidin müvəqqəti dayandırılması. Karantin

Azərbaycan Respublikasının və ya xarici dövlətin ərazisində xüsusilə qorxulu yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda təhlükəli sahələrdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçid müvəqqəti məhdudlaşdırıla və ya dayandırıla bilər, ya da Azərbaycan Respublikasının dövlət sərhədindən keçən adamlar, heyvanlar, yüklər, toxum, əkin materialları, heyvan və bitki mənşəli digər məhsullar üçün karantin qoyula bilər.

Azərbaycan Respublikasının ərazisini yoluxucu heyvan xəstəliklərinin yayılmasından qorumaq üçün Azərbaycan Respublikasının dövlət sərhədi boyunca mal-qara saxlanması və otarılması qadağan edilən profilaktika zolağı müəyyən olunur. Bu zolağın enini və baytarlıq sanitariya rejimini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 20. Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar

Aşağıdakılar Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar sayılır:

1) Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş şəxslər;

2) Azərbaycan Respublikasından qanunsuz getmək məqsədilə xarici nəqliyyat vasitələrinə və ya Azərbaycan Respublikasının xaricə gedən nəqliyyat vasitələrinə minmiş və ya minməyə cəhd göstərmiş şəxslər;

3) Azərbaycan Respublikasının ərazi və daxili sularına, habelə sərhəd çaylarının, göllərinin və digər sututarlarının Azərbaycan Respublikasına məxsus hissəsinə girmək qaydalarını pozaraq həmin sulara girən xarici qeyri-hərbi və hərbi gəmilər;

4) Azərbaycan Respublikasının sularında dövlət sərhədini sualtı vəziyyətdə keçən və ya Azərbaycan Respublikasının sularında sualtı vəziyyətdə olan və qalan xarici sualtı qayıqlar və digər sualtı nəqliyyat vasitələri;

5) Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının müvafiq icazəsi olmadan Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya Azərbaycan Respublikasının dövlət sərhədini uçub keçmək qaydalarını başqa şəkildə pozmuş hava gəmiləri və digər uçuş aparatları.

Müvafiq icazə olmadan və ya müəyyən edilmiş qaydanı pozmaqla Azərbaycan Respublikasının dövlət sərhədini hər hansı başqa texniki və ya digər vasitələrlə keçmək də sərhədi pozmaq deməkdir.

Maddə 21. Azərbaycan Respublikasının sərhəd nümayəndələri

Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin qorunması ilə əlaqədar məsələləri həll etmək, habelə sərhəd münaqişələrini nizama salmaq üçün müvafiq icra hakimiyyəti orqanı sərhəd qoşunlarınun zabitləri sırasından Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən hissələri üzrə Azərbaycan Respublikasının sərhəd nümayəndələrini təyin edir.

Azərbaycan Respublikası dövlət sərhədinin Azərbaycan Respublikasının xüsusi təyin edilmiş sərhəd nümayəndələri olmayan hissələrində onların funksiyalarını sərhəd qoşunlarınun müvafiq hissələrinin komandirləri yerinə yetirirlər.

Azərbaycan Respublikasının sərhəd nümayəndələri Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini, habelə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qəbul etdikləri aktları rəhbər tuturlar.

Sərhəd nümayəndələri tərəfindən nizama salınmayan məsələlər diplomatik qaydada həll edilir.