+
-

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında" 1993-cü il 09 mart tarixli 140 nömrəli Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında

Qərar № 140

Bakı şəhəri, 9 mart 1993-cü il

«Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 noyabr tarixli 560 nömrəli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd mühafizəsi orqanları İdarəsinin və Gömrük Komitəsinin birgə hazırladığı «Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələrinin haqqında əsasnamə» (1 nömrəli əlavə) təsdiq edilsin.

2. Çıxarılıb.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırladığı «Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi qaydaları» (3 nömrəli əlavə) təsdiq edilsin.

4. Çıxarılıb.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırladığı «Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi qaydaları» (5 nömrəli əlavə) və «Azərbaycan Respublikasının dövlət sərhədini pozan xarici dövlətlərin hərbi gəmilərinə qarşı silah və döyüş texnikasının tətbiq edilməsi Qaydaları» (6 nömrəli əlavə) təsdiq edilsin.

 

 

 

 

 

 

 

1 nömrəli əlavə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 9 mart tarixli
140 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələrinin haqqında
Əsasnamə

1. Ümumi müddəalar

Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, mallar və nəqliyyat vasitələri üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərhəd və gömrük nəzarəti həyata keçirilir. Bu məqsədlə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərhəd mühafizəsi orqanlarının nəzarət buraxılış məntəqələri və gömrük idarələri (postları) yaradılır.

Dövlət sərhədindən buraxılış məntəqələrinin ərazisi sərhəd mühafizəsi orqanları tərəfindən müəyyən edilir. Sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələrinin funksiyalarına buraxılış məntəqələrində dövlət sərhədinin mühafizəsi, sərhəd nəzarəti, Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin buraxılışı daxildir.

Yüklərin və başqa əmlakın gömrük nəzarəti zonasının ərazisinə keçirilməsi və ya bu ərazinin hüdudlarından kənara çıxarılması gömrük orqanlarının nəzarəti altında həyata keçirilir.

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin olması və hərəkət etməsi qaydası, habelə şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması ilə bağlı digər fəaliyyət qaydasını tənzimləyən rejim Sərhəd mühafizəsi orqanları tərəfindən gömrük orqanları ilə razılaşdırılmaqla müəyyən edilir.

Dövlət sərhədindən buraxılış məntəqəsində rejim sərhəd mühafizəsi orqanları və gömrük orqanları tərəfindən təmin edilir.

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində nəzarəti və onların dövlət sərhədindən buraxılmasını həyata keçirərkən sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələri və gömrük orqanları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, Azərbaycan Respublikası qanunvericiliyini, müvafiq nazirlik və idarələrin normativ aktlarını (əmr və sərəncamlarını), bu Əsasnaməni rəhbər tuturlar.

Dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliklə müəyyən olunmuş qaydada eyni zamanda ikikanallı — «Yaşıl kanal» və «Qırmızı kanal» — buraxılış sistemləri tətbiq olunur.

2. Sərhəd nəzarəti

Sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin aşkar edilməsi və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Sərhəd nəzarəti nəzarət-buraxılış məntəqələrinin xidməti-operativ fəaliyyətinin əsasını təşkil edir. Bu fəaliyyətə aşağıdakılar daxildir:

  • Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərin yoxlanması;
  • əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması;
  • zəruri olduqda nəqliyyat vasitələrinin müşayiət edilməsi;
  • Azərbaycan Respublikasına gəlməsi qadağan olunmuş şəxslər üzərində nəzarət;

Sərhəd nəzarəti operativ və rejimin təmin edilməsi üçün nəzərdə tutulmuş digər tədbirlərlə qarşılıqlı şəkildə həyata keçirilir.

Sərhədkeçmə nəzarəti həyata keçirilərkən «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edilir. Ölkəyə gələn və ölkədən gedən şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatı «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Sərhədkeçmə yoxlamasının nəticələri barədə məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış şəxslər haqqında məlumatlar «Giriş-çıxış və qeydiyyat» idaralərarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin «Sərhədkeçməyə məhdudiyyət siyahısı»na daxil edilir.

3. Sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələrinin vəzifələri

Sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələrinin vəzifələri aşağıdakılardan ibarətdir:

  • xarici dövlətlərin qoşun qruplarının və quldur dəstələrinin Azərbaycan Respublikası ərazisinə silahlı basqınlarını dəf etmək, dövlət sərhədində silahlı və digər fitnələrin qarşısını almaq, əhalini, dövlət mülkiyyətini, vətəndaşların mülkiyyətini cinayətkar qəsdlərdən qorumaq;
  • şəxslərin qanunsuz üsullarla Azərbaycan Respublikası dövlət sərhədini keçməsinin qarşısını almaq və buna yol verməmək, sərhədi pozanları aşkar etmək və tutub saxlamaq;
  • Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» və «Sərhəd qoşunları haqqında» Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada nəzarət-buraxılış məntəqələrindən şəxslərin buraxılmasını həyata keçirmək;
  • narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını müstəqil surətdə və ya gömrük orqanları ilə birlikdə almaq;
  • Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində qoyulmuş rejiminə əməl olunmasına müstəqil surətdə və ya gömrük orqanları, beynəlxalq uçuşlar üçün açıq olan aeroportların (aerodromların), sərhəd boyü dəmir yolu stansiyalarının, dəniz limanlarının, beynəlxalq avtomobil daşınması bölmələrinin müdiriyyəti ilə birlikdə nəzarət etmək;
  • dövlət sərhədindən keçən şəxslər tərəfindən həyata keçirilən düşmənçilik fəaliyyətini dövlət təhlükəsizliyi orqanları ilə birlikdə, zəruri olan hallarda gömrük orqanları ilə qarşılıqlı əlaqədə aşkar etmək və qarşısını almaq, əməliyyat üçün maraq kəsb edən şəxslərə münasibətdə məlumatları sonrakı istifadə üçün toplamaq və öyrənmək;
  • dövlət sərhədindən keçən ayrı-ayrı şəxslərə, nəqliyyat vasitələrinə, yüklərə və başqa əmlaka münasibətdə əməliyyat tapşırıqlarını yerinə yetirmək;
  • Azərbaycan Respublikasının dövlət sərhəd rejimi məsələlərində Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
  • buraxılış məntəqələrində xüsusi vəkil edilmiş Azərbaycan Respublikası dövlət orqanlarına təbii mühiti çirklənməkdən mühafizə işində lazımi kömək göstərmək.

4. Nəzarət-buraxılış məntəqələrinin hüquqları

Sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələrinin hüquqları aşağıdakılardan ibarətdir:

  • Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədləri yoxlamaq, həmin sənədlərdə müvafiq qeydlər etmək və zərurət olduqda bunları müvəqqəti almaq;
  • Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair etibarlı sənədləri olmayan şəxsləri onlar dövlət sərhədindən keçmək hüququna dair sənədləri lazımınca rəsmiləşdirənədək və ya Azərbaycan Respublikası vətəndaşlarının xaricdə olduqları dövrdə öz sənədlərini itirməsi halları dəqiqləşdirilənədək və onların şəxsiyyəti müəyyən edilənədək Azərbaycan Respublikasının dövlət sərhədindən buraxmamaq;
  • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin normativ aktları ilə müəyyən edilmiş qaydada və sərhəd mühafizəsi orqanlarının səlahiyyətləri həddində operativ fəaliyyəti həyata keçirmək;
  • dövlət sərhədindən keçən şəxslərin üzərində odlu silahın axtarışı məqsədi ilə texniki vasitələri tətbiq etmək;
  • Azərbaycan Respublikası dövlət sərhədinin pozulması ilə əlaqədar işlər üzrə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq surətdə təhqiqat aparmaq — lazımi operativ-axtarış tədbirləri görmək, sərhədi pozanları tutmaq, yoxlamaq, axtarmaq, dindirmək və digər zəruri istintaq tədbirləri görmək;
  • Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində rejimi pozmuş şəxsləri qanunla müəyyən edilmiş qaydada və müddətdə inzibati qaydada tutmaq, habelə onlarda olan əşyaları yoxlamaq və lazım olduqda almaq;
  • inzibati qaydada tutulan şəxsləri tutulmuşlar üçün kameralarda və ya xüsusi olaraq bu məqsədlər üçün düzəldilmiş başqa binalarda saxlamaq. Şəxsin inzibati qaydada tutulmasının, üst-başının yoxlanmasının, onda olan əşyanın yoxlanmasının və alınmasının hər bir halı haqqında protokol tərtib edilir;
  • Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində rejimin pozulması hallarının aydınlaşdırılması üçün şəxsləri nəzarət-buraxılış məntəqələrinə dəvət etmək, zəruri olduqda həmin pozulma halları başqa yerlərdə də aydınlaşdırıla bilər;
  • şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi qaydada baxış keçirilməsini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş hallarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək;
  • əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılmasını təmin etmək;
  • dövlət sərhədindən qanunsuz keçirilən narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı, odlu silah və döyüş sursatını, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarını, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialları və avadanlıqları, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaları götürmək;
  • Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilmiş materialları, əşyaları və sənədləri, habelə qaçaq malı Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməyə cəhd göstərmiş şəxslərin Azərbaycan Respublikasına və ya Azərbaycan Respublikasından buraxılması məsələsini yol verilmiş hüquq pozuntusunun ağırlığı və halları nəzərə alınmaqla həll etmək;
  • gömrük orqanları ilə razılaşdırılmaqla buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin həyata keçirildiyi binaları və digər yerləri müəyyən etmək və kənar şəxslərin həmin yerlərə gəlməsinə yol verməmək, Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməyin qarşısının alınması məqsədi ilə orada əlavə rejim qaydaları qoymaq;
  • xaricə gedən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində dayanma (dayanacaq) yerlərini və müddətini gömrük orqanları və digər əlaqədar müəssisə, idarə və təşkilatlar ilə birlikdə müəyyən etmək;
  • Azərbaycan Respublikasının ərazi və daxili sularında üzərkən və olarkən, habelə Azərbaycan Respublikasının limanlarında dayanacaq vaxtı hüquq pozuntusuna yol verilmiş xarici gəmilərin heyət üzvlərinin və gəmilərdə olan digər şəxslərin sahilə çıxmasını və sahildə olmasını qadağan etmək;
  • cinayət törətmiş və Azərbaycan Respublikasının qanunlarına görə cinayət məsuliyyəti daşımalı olan şəxsləri gəmidən düşürmək və tutmaq, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, həmin şəxsləri təhqiqat və istintaq orqanlarına təhvil vermək;
  • müəyyən edilmiş qaydada həmsərhəd dövlətlərin nəzarət-buraxılış məntəqələri ilə əlaqə saxlamaq və onlarla qarşılıqlı fəaliyyət göstərmək.

5. Sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələri tərəfindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın dövlət sərhədindən buraxılması

Şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışını sərhəd mühafizəsi orqanlarının nəzarət buraxılış məntəqələri gömrük orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər.

Şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışı üzrə funksional fəaliyyətin qaydaları və ardıcıllığı (texnoloji sxem) gömrük orqanları və digər əlaqədar idarə, müəssisə və təşkilatlarla razılaşdırılmaqla sərhəd mühafizəsi orqanları tərəfindən müəyyən edilir.

Şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışı nəzarət-buraxılış məntəqələri tərəfindən Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getmək hüququna dair etibarlı sənədlər olduqda həyata keçirilir.

Nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışı sərhəd mühafizəsi orqanlarının nəzarət buraxılış məntəqələrindən gömrük nəzarətindən sonra həyata keçirilir.

Nəzarət-buraxılış məntəqələri Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın dövlət sərhədindən buraxılışının heç bir əsas olmadan yubadılmasına yol verməməlidirlər.

Azərbaycan Respublikasının və ya xarici dövlətin ərazisində xüsusilə qorxulu yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda təhlükəli sahələrdə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçid müvəqqəti məhdudlaşdırıla və ya dayandırıla bilər, yaxud da Azərbaycan Respublikasının dövlət sərhədindən keçən adamlar, heyvanlar, yüklər, toxum, əkin materialları, heyvan və bitki mənşəli digər məhsullar üçün karantin qoyula bilər. Bu barədə nəzarət-buraxılış məntəqələri Dövlət Sərhəd Xidmətindən müvafiq göstəriş alırlar.

Ayrı-ayrı hallarda (operativ, zərurət, qoşunların dislokasiya yerlərinin dəyişdirilməsi, milli və xarici hava gəmilərinin xüsusi uçuşları və s.) Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışının xüsusi qaydası müəyyən edilə bilər. Bu barədə nəzarət-buraxılış məntəqələri Dövlət Sərhəd Xidmətindən müvafiq göstəriş alırlar.

 

 

 

 

 

 

 

 

 

5 nömrəli əlavə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 9 mart tarixli
140 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi
Qaydaları

1. Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində uçan hava gəmilərini müşahidə etdikdə, hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsinin (birləşmələrin komanda məntəqəsinin) əməliyyat növbətçiləri hava hərəkətini İdarəetmə üzrə Vahid Sistemin rayon mərkəzləri və uçuş istiqamətinə daha yaxın olan aviasiyanı yönəltmə məntəqələri vasitəsilə, yaxınlaşan hava gəmisinin tipini müəyyən etmək, qəbul edilmiş radio tezlikli dalğalarda onunla əlaqəyə girmək üçün tədbirlər görür.

Yaxınlaşan hava gəmiləri və digər uçuş aparatları hava hücumundan müdafiə qoşunları növbətçi qüvvələrinin 1 nömrəli döyüş hazırlığına gətirilməsi həddinə çatdıqda və ya bu hava hədəfləri buraxıla bilən məsafəni pozaraq Azərbaycan Respublikasının dövlət sərhədlərinə doğru istiqamət götürdükdə hava hücumundan müdafiə qoşunlarının hava hücumundan müdafiənin müvafiq məsuliyyət zonaları üzrə olan növbətçi qüvvələri hava gəmisinin və ya uçuş aparatlarının uçuşu istiqamətində 1 nömrəli döyüş hazırlığına gətirilir. Bundan sonra şəraitdən asılı olaraq növbətçi qüvvə döyüş texnikasının necə hərəkət etməsi qərarlaşdırılır.

Əməliyyat növbətçiləri hava hücumundan müdafiə qoşunlarının növbətçi silah və döyüş texnikasının 1 nömrəli döyüş hazırlığına gətirilməsi və bu qüvvələrin hərəkətlərinə dair qəbul edilmiş qərar barədə yuxarı komanda məntəqələrinə, bilavasitə öz komandirlərinə məlumat verir və qarşılıqlı əlaqəli hərəkətdə olan komanda məntəqələrinə xəbər çatdırırlar.

Hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvələrinin 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün zəruri son hədd hava hücumundan müdafiə qoşunları komandanının qərarı ilə hər bir hissə və bölmə üçün ayrılıqda müəyyən edilir.

2. Hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsinin əməliyyat növbətçisi xarici hava gəmiləri ilə rabitə əlaqəsinə girərkən hava hərəkətini idarəetmə Vahid sistemin rayon mərkəzləri və ya aviasiyanı yönəltmə məntəqələri vasitəsilə həmin gəmilərin heyətini Azərbaycan Respublikasının hava sərhədini pozmaq ehtimalı və ya hava sərhədini pozma faktı haqqında müəyyən edilmiş beynəlxalq komandalarla (sözlərlə), müşahidə edilə bilən siqnallarla xəbərdarlıq edir, hava sərhədinin pozulması səbəblərini aydınlaşdırır və bunun qarşısını almaq üçün tədbirlər görür.

Xarici hava gəmisinə kömək göstərmək lazım olduqda (gəmidə) səmt üzrə idarəolunma pozulduqda, qəza baş verdikdə, fors major vəziyyətlərində* hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsinin əməliyyat növbətçisi bu xarici hava gəmisinin respublikamızın ərazisi sərhədlərindən kənara çıxarılması və yaxınlıqdakı aerodroma endirilməsi üçün hərbi hava qüvvələrinin komanda məntəqəsinin əməliyyat növbətçisi vasitəsilə lazımi miqdarda növbətçi təyyarələrin havaya qalxmasına komanda verir.

Növbətçi təyyarə heyətlərinin havaya qaldırıldığı bütün hallarda müvafiq əməliyyat növbətçiləri bu barədə yuxarı komanda məntəqələrinə və bilavasitə komandanlara (komandirlərə) məlumat verirlər.

3. Azərbaycan Respublikasının hava sərhədi pozulduqda və buna yol vermiş heyətlə əlaqəyə girmək mümkün olmadıqda və ya hava sərhədini pozmaq haqqında xəbərdarlıq komandalarına (siqnallarına) tabeolmama və göstərilən aerodroma enməkdən imtina hallarında, hava sərhədini pozmuş təyyarənin mənsubiyyətini müəyyənləşdirmək, sərhədi pozmuş təyyarənin hərəkətlərini qiymətləndirmək və hava sərhədinin pozulmasının qarşısını almaq üçün aviasiya hissələrinin, hava hücumundan müdafiə qoşun birləşmələrinin və ya yuxarı komanda məntəqələrinin əməliyyat növbətçilərinin qərarı ilə növbətçi təyyarə heyətləri havaya qaldırılır.

Azərbaycan Respublikasının sərhədi hava gəmisi və uçuş aparatları tərəfindən pozulduqda hava hücumundan müdafiə qoşunlarının mərkəzi komanda məntəqəsinə, habelə məsuliyyət zamanı daxilində hava sərhədi pozulmuş və tərkibində hava hücumundan müdafiə növbətçi qüvvələri ayrılmış birləşmə və hissələrin komanda məntəqələrinə komandan (komandir) və ya onları əvəz edən şəxslər əvəzləyici qüvvələrlə gəlirlər.

4. Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş xarici hava gəmiləri qayda-qanunu pozmaqda davam və ona göstərilən aerodroma enməkdən imtina etdikdə havaya qaldırılmış qırıcılar, bombardmançı qırıcılar, döyüş vertolyotları hava sərhədini pozmuş təyyarəni yaxınlıqdakı (ayrılmış) aerodroma enməyə məcbur edirlər. Sərhədi pozan hava gəmisi silah tətbiq etdikdə və ya ona verilən komandalara (siqnallara) etinasızlıq göstərdikdə və bu təyyarənin sonrakı uçuşu ağır nəticələnmə (trassadakı təyyarələrlə toqquşma, əhalisi sıx olan rayonlara düşmə və s.) ehtimalı olduqda bu təyyarəni məhv etmək üçün atəş açılır.

Pilotsuz hava gəmilərinə və uçuş aparatlarına qarşı da silah tətbiq edilə və döyüş texnikasından atəş açıla bilər.

5. Tanınmamış, kiçik ölçülü, kiçik sürətli alçaqdan uçan hədəfin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi radiolokasiya vasitələri ilə (adi gözlə müşahidə edilməsi haqqında məlumat alındıqda) aşkar edildikdə hava hücumundan müdafiə komanda məntəqəsinin müvafiq əməliyyat növbətçisinin qərarı ilə həmin hədəfin ehtimal olunan marşrutu üzrə hava hücumundan müdafiənin növbətçi qüvvə və döyüş texnikası 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilir. Havaya bir-birinin ardınca lazımi miqdarda növbətçi qırıcı təyyarələr, qırıcı bombardmançı təyyarələr, vertolyotlar, habelə Dövlət Sərhəd Xidməti, hərbi-dəniz donanması, mülki aviasiya şirkəti və könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti tərəfindən ayrılmış təyyarələr və vertolyotlar havaya qaldırılır, yerüstü müşahidə postlarının sayı artırılır.

Hava hədəfinin hansı dövlətə mənsub və nədən ibarət olmasını müəyyənləşdirmək üçün bütün lazımi tədbirlər görülür.

Hava hədəfinin hansı dövlətə mənsub və nədən ibarət olması müəyyənləşdirildikdən sonra bu barədə yuxarı komanda məntəqəsinə məlumat verilir və o hədəfi enməyə məcbur etmək və ya hədəfin uçuşunun davamı Azərbaycan Respublikası üçün təhlükə törədə bilərsə, onu məhv etmək haqqında qərar qəbul edilir.

6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsinin növbətçi qüvvə və döyüş texnikasının xarici dövlətlərin hava gəmilərinə atəş açılması, habelə bu gəmilərin radioelektron vasitələrilə susdurulması haqqında qərar qəbul etməyə aşağıdakılara icazə verilir:

  • dövlət sərhədini pozanlara qarşı — Azərbaycan Respublikasının müdafiə nazirinə, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisinə, hava hücumundan müdafiə qoşunlarının komandanına (qərargahın rəisinə), hərbi-dəniz donanmasının komandanına, hərbi hava qüvvələrinin komandanına (qərargah rəisinə), ordu korpuslarının komandirlərinə, habelə yuxarıda adları çəkilənləri əvəz edənlərə;
  • komanda məntəqələrində yuxarıda adları qeyd edilən vəzifəli şəxslər olmadıqda və təxirəsalınmaz hallarda sərhədi pozan hava gəmisinə məhvetmə atəşi açmaq qərarı zərurəti yarandıqda hərbi hava qüvvələrinin növbətçi qüvvələrini idarə edən müvafiq əməliyyat növbətçilərinə (bu barədə o təcili surətdə bilavasitə öz rəisinə və yuxarı komanda məntəqəsinə məlumat verməlidir).

7. Mülki hava gəmiləri Azərbaycan Respublikasının sərhədlərini pozaraq, onlara verilən radiokomandalara və gözlə görünən siqnallara etina etmədikdə və ya bunlara tabe olmaqdan imtina etdikdə, birləşmələrin (hissələrin) komanda məntəqələrinin əməliyyat növbətçiləri yuxarı komanda məntəqələrinə məlumat verir və komanda məntəqəsinin göstərişi ilə növbətçi qırıcı təyyarələrə (vertolyotlara) sərhədi pozmuş təyyarəni göstərilən aerodroma enməyə məcbur etmək barədə komanda verirlər.

8. Qaçırılmaq və ya başqa qanuna zidd məqsədlər üçün Azərbaycan Respublikasının hava sərhədini pozmağa çalışan Azərbaycan hava gəmilərinin qarşısını almaq üçün hava hücumundan müdafiə və hərbi hava qüvvələri qoşunlarının mərkəzi komanda məntəqələrinin əməliyyat növbətçiləri qanunu pozan hava gəmilərini havaya qaldıran növbətçi qırıcı təyyarələr və qırıcı-bombardmançı təyyarələr və vertolyotlar vasitəsilə müəyyən aerodromlara enməsini tələb edirlər. Bu hava gəmiləri komandalara və siqnallara tabe olmadıqda yalnız hərbi hava gəmilərinə qarşı silah işlətməyə icazə verilir.

Mülki hava gəmilərinə qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə verilir. Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılır.

9. Nadir hallarda dövlət hava sərhədi pozulduqda və ya Azərbaycan Respublikasının hava ərazisində müəyyən olunmamış hava gəmiləri müşahidə edildikdə, hava hücumundan müdafiə qoşunları komandanının qərarı ilə bəzi rayonlar üzərində təyyarələrin uçuşları məhdudlaşdırılır və ya tamamilə dayandırılır. Bunun üçün hava hərəkətini idarəetmə üzrə Vahid sistemin orqanları «Kover» siqnalı verirlər. Bu siqnalın verilməsi ilə hava sərhədini pozan hava gəmisini təqib etməklə və ya sərhədi pozmuş gəmiləri axtarıb tapmaqla məşğul olan hava gəmilərindən, habelə axtarış-xilasetmə tapşırığı yerinə yetirən hava gəmilərindən savayı bütün hava gəmiləri yerə endirilir və ya göstərilən rayonlara yollandırılır.

10. Sərhəd mühafizəsi orqanları adi müşahidə və radiotexniki kəşfiyyat aparır, Azərbaycan Respublikasının hava sərhədlərinin pozulması hallarının qeydiyyatını aparır və təcili olaraq Mərkəzi Komanda Məntəqəsinə və hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı əlaqəli hərəkətdə olan bölmələrinə bu məqsədlə xüsusi olaraq təşkil edilmiş rabitə kanalları ilə məlumat verirlər.

Sərhəd mühafizəsi orqanları ilə hava hücumundan müdafiə qoşunları arasında qarşılıqlı əlaqəni Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmin edir.

Azərbaycan Respublikasının dövlət sərhədini pozan və adi gözlə müşahidə olunan hava şarlarına və məsafədən idarə olunan uçuş aparatlarına sərhəd mühafizəsi orqanları atəş açırlar.


* fors-major vəziyyəti dedikdə, hava gəmisinin və həmçinin bu gəminin içərisindəki insanların həyatı üçün təhlükə törədə bilən fövqəladə hallar nəzərdə tutulur ki, bunun da nəticəsində hava gəmisinin heyəti bilərəkdən başqa dövlətin ərazisinə girmək məcburiyyətində olur. Bu vəziyyət o vaxt ola bilər ki, hava gəmisində nasazlıqlar olsun, yanacaq ehtiyatı olmasın, təyyarədə yanğın baş vermiş olsun, gəmi heyətinin üzvlərindən və yaxud sərnişinlərdən ağır xəstələnən olsun, mürəkkəb hava şəraiti və s.

 

6 nömrəli əlavə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 9 mart tarixli
140 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının dövlət sərhədini pozan xarici dövlətlərin hərbi gəmilərinə qarşı silah və döyüş texnikasının tətbiq edilməsi Qaydaları

1. Dövlət sərhədinin su sahəsinin mühafizəsini Dövlət Sərhəd Xidməti sərhəd gözətçi gəmiləri vasitəsi ilə təşkil edir və həyata keçirir.

2. Sərhəd gözətçi gəmiləri və katerləri Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinin əmri ilə dövlət sərhədinin mühafizəsi xidmətinə təyin edilir.

3. Xarici dövlətin hərbi gəmisi tərəfindən sərhədin pozulmasını müşahidə edən sərhəd gözətçi (hərbi) gəmisinin komandiri təcili surətdə bu barədə Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinə məruzə etməli və sərhədi pozan hərbi gəmidən bütün rabitə vasitələri ilə (ultraqısa, işıq siqnalları, kiçik bayraqlı semafor) tələb etməlidir ki, dərhal dayansın, gəmidən suya qayıqlar və dalğıclar buraxmasın və gəmini xəbərdar etməlidir ki, o bu tələbləri yerinə yetirməsə, xəbərdarlıq atəşindən (güllə qatarı buraxıldıqdan) sonra silah tətbiq edəcəkdir.

Sərhədi pozan gəmi «dayan» tələbini yerinə yetirmirsə, sərhəd gözətçi gəmisinin komandiri xəbərdarlıq atəşi açmasına sərbəst qərar verir.

Silah tətbiq edilərkən güllələrin və mərmilərin həmsərhəd dövlətlərin ərazisinə düşməsinə, bir qayda olaraq, yol verilmir.

Sərhəd gözətçi gəmisinin komandiri həyata keçirdiyi bütün tədbirlər barədə Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinə məruzə edir.

Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandiri sərhəd gözətçi gəmisinin komandirinin işinə müdaxilə edərək ona silah işlətməyi qadağan edə bilər. Belə halda son nəticə üçün bütün məsuliyyət Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinin üzərinə düşür.

Silahı qanunsuz tətbiq etmiş şəxslər Azərbaycan Respublikasının qanunlarına müvafiq surətdə intizam və ya cinayət məsuliyyətinə cəlb edilirlər.

4. Sərhəd gözətçi (hərbi) gəmisinin komandiri daxili sularda sualtı qayıq aşkar etsə, onu məhv etmək üçün silah və döyüş texnikası işlətməlidir. Sərhəd gözətçi gəmisinin komandiri Dövlət Sərhəd Xidmətinin hərbi dəniz hissəsinin komandirinə bütün hərəkətləri barədə məlumat verməlidir.

5. Zərurət yaranarsa, Müdafiə Nazirliyinin hərbi dəniz donanmasının hərbi gəmiləri Dövlət Sərhəd Xidmətinin müraciəti əsasında dövlət sərhədini pozmuş xarici dövlətin hərbi gəmisinə qarşı görülən tədbirlərə cəlb oluna bilər.