+
-

6-cı fəsil. İcra hakimiyyəti

Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur.

Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. (KM1)

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.

IV. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

VI. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.

Maddə 102. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.

Maddə 103. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı

I. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: «Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm».

II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Maddə 104. Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi

I. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.

II. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikasının Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.

III. Azərbaycan Respublikasının Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir. Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.

Maddə 105. Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası

I. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının baş naziri icra edir.

II. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir.

III. Bu maddənin ikinci hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.

Maddə 106. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı

Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.

Maddə 107. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması

I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.

III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı

I. Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.

Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri

Azərbaycan Respublikasının Prezidenti:
1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;
2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;
3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;
9) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;
10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir; Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;
11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;
12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;
14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;
15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;
16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;
17) hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
18) referendum təyin edir;
19) qanunları imzalayır və dərc edir;
20) vətəndaşlıq məsələlərini həll edir;
21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə təltif edir;
24) ali hərbi və ali xüsusi rütbələr verir;
25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;
28) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
29) fövqəladə və hərbi vəziyyət elan edir;
30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan Respublikası dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;
32) Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

Maddə 110. Qanunların imzalanması

I. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

II. Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Maddə 111. Hərbi vəziyyət elan edilməsi

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi

Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

Maddə 113. Azərbaycan Respublikası Prezidentinin aktları

I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.

II. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu

I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.

II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.

III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.

Maddə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası

Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Maddə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.

Maddə 118. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası

I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

Azərbaycan Respublikasının Nazirlər Kabineti:
• Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
• Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
• maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
• dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
• dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
• nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
• Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları

I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər

I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

Maddə 122. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər

Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Maddə 123. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

Maddə 124. Yerlərdə icra hakimiyyəti

I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.