Qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- ərizə;
- anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
- tərcümeyi-hal;
- özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı) şəxsiyyət vəsiqələrinin surətləri;
- attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
- orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;
- yaşayış yerindən arayış;
- doğum haqqında şəhadətnamənin surəti;
- valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
- 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün –
- 2019-cu ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır;
2019-cu ilin iyul ayının 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər (rayon) idarə və şöbələri tərəfindən verilmiş möhlət hüququna dair arayış təqdim etməlidirlər.
Hərbi xidmətdə olanlar üçün –
- DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən (bölgələrdə yaşayan vətəndaşlar üçün)
hərbi hissələrinin kadrlar bölmələrinə müraciət edə bilərlər (Əlaqə nömrəsi:
012–372–16–20).
Sənədlər 2019-cu ilin fevral ayının 15-dək qəbul ediləcəkdir.