Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 20 dekabr 2025-ci il tarixində saat 11:00-da Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda keçirilən çövkən yarışlarının qrup mərhələsinin son oyunları keçirilmişdir.
Qrup mərhələsinin son oyun günündə ilk qarşılaşma Polad və Sərhədçi çövkən komandaları arasında keçirilmiş və oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdır.
Günün ikinci qarşılaşmasında isə Elit çövkən komandası Buta Golden komandası üzərində 4:2 hesablı qələbə qazanmışdır.
Keçirilən oyunların nəticələrinə əsasən, A qrupunda Polad komandası 1-ci yeri, Sərhədçi komandası 2-ci yeri, Zəfər komandası isə 3-cü yeri tutmuşdur.
B qrupunda isə Elit komandası 1-ci yerə, Embawood komandası 2-ci yerə, Buta Golden komandası isə 3-cü yerə layiq görülmüşdür.
Yarışın əsasnaməsinə uyğun olaraq, hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Yarımfinal mərhələsində A qrupunun birincisi B qrupunun ikincisi ilə, B qrupunun birincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaqdır.
Məlumat üçün bildirək ki, yarımfinal oyunları 22 dekabr tarixində saat 15:00-dan etibarən keçiriləcəkdir. Polad – Embawood və Sərhədçi – Elit qarşılaşmaları azarkeşlərin diqqət mərkəzində olacaqdır.
12-ci Prezident Kuboku uğrunda yarışların qalibi 24 dekabr tarixində saat 15:00-da keçiriləcək final oyununda müəyyənləşəcəkdir. Həmin gün yarımfinal mərhələsində məğlub olan komandalar isə 3-cü yer uğrunda keçiriləcək qarşılaşmada mübarizə aparacaqlar.
Azərbaycan Respublikası Atçılıq Federasiyası