Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun təsdiq etdiyi birgə tədbirlər planı çərçivəsində ölkənin sərhədyanı bölgələrində hüquq-mühafizə sahəsində əməkdaşlığın gücləndirilməsi və hüquqi maarifləndirmə məqsədilə sakinlərlə görüşlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası, Lənkəran, Qazax, Ağstafa və digər sərhədyanı rayonlarda təşkil olunmuş görüşlərdə sakinlərə sərhəd təhlükəsizliyi və hüquqi məsuliyyət mövzularında ətraflı məlumat verilmişdir.
Tədbirlərdə Dövlət Sərhəd Xidməti, prokurorluq orqanları və müvafiq qurumların əməkdaşları, yerli icra hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Görüşlər zamanı dövlət sərhədinin pozulmasının qarşısının alınması, qaçaqmalçılıq hallarının ifşası, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin hüquqi nəticələri barədə əhaliyə məlumat verilmiş, Azərbaycan Respublikasının qanunvericiliyində bu cür hallara görə nəzərdə tutulan cinayət və inzibati məsuliyyət tədbirləri izah edilmişdir.
Bildirilmişdir ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuraraq sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların sağlamlığına böyük təhlükə yaradır, həmçinin cinayətkarlığın artmasına səbəb olur. Tədbirlərin keçirilməsində əsas məqsəd yerli sakinləri maarifləndirməklə bu kimi halların qarşısının alınmasında ictimai dəstəyin artırılması, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması, vətəndaşların hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşviq edilməsi, eləcə də dövlət təhlükəsizliyi məsələlərində vətənpərvərlik ruhunun gücləndirilməsidir.
Tədbir iştirakçıları tərəfindən dövlət qurumlarının təşəbbüsü yüksək qiymətləndirilmiş, birgə görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi