+
-
13.06.2025
DSX Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir

İyunun 12-də Dövlət Sərhəd Xidməti Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə Akademiyanın rəhbərliyi, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadə, professor-müəllim heyəti və kursantlar iştirak etmişlər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevinvətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Çıxış edənlər 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ölkəmizin taleyində oynadığı mühüm roldan danışmış, bu qayıdışın Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təminatçısı olduğunu bildirmişlər. 

Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanmış, Ulu Öndərin uzaqgörən siyasəti və milli maraqlara əsaslanan yanaşması nəticəsində Azərbaycanın vətəndaş müharibəsi təhlükəsindən xilas olunduğu, ordu quruculuğunun, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi islahatların uğurla həyata keçirildiyi qeyd edilmişdir. 

Bildirilmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Məhz dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrilmiş, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmişdir. Dövlət başçısının qətiyyəti, strateji baxışı və müdrik rəhbərliyi sayəsində ölkəmiz bu gün müasir dövrün bütün çağırışlarına uğurla cavab verməkdədir.

Tədbirin davamında şəxsi heyətə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılmış və Milli Qurtuluş Gününə həsr edilmiş filmə baxılmışdır. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw