5-7 iyun 2025-ci il tarixlərdə Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutmuşdur.
Tarixi nəticə ilə yadda qalan bu yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olmuşdur.
Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşmış, 6:2 hesabı ilə inamlı qələbə qazanmışdır.
Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxaraq çövkən tarixində yeni bir səhifə açmışdır.
Qeyd edək ki, Avropa Çempionatı 5 iyun 2025-ci il tarixdə start götürmüşdür.
Turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edir.
Azərbaycan milli komandasının ilk oyunu püşkatma nəticəsində 5 iyun tarixində Türkiyə çövkən yığması ilə olmuş, komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılmışdır.
6 iyun tarixində baş tutan yarım-final mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanmışdır.
Xatırladaq ki, beynəlxalq çövkən təqviminə əsasən növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda – Asiya, sentyabrın sonunda Nigeriyada – Afrika və noyabr ayında isə Buenos Airesdə – Cənubi Amerika çempionatları keçiriləcək.