+
-
31.05.2025
Böyük Britaniyada və Türkiyədə ölkəmizi layiqincə təmsil edən heyət təltifləndirilmişdir

Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda və Türkiyədə keçirilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Heydər Əliyev Fondunun dəstəyi  Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizi layiqincə təmsil edən heyətin təltifləndirilməsi münasibətilə təntənəli tədbir keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə son illərdə atçılıq sahəsində əldə olunan uğurlardan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin bu sahəyə yüksək diqqətindən geniş danışılmış, ölkəmizin ilk dəfə 130 nəfərlik geniş heyətlə təmsil olunduğu mötəbər tədbirlərdə nümayəndə heyətimizin sərgilədiyi performansların möhtəşəmliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

Çıxışlarda “Vindzor Kral Atçılıq Şousu” və VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında mədəniyyətimizin tanıdılması, milli sərvətimiz olan Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblının xüsusi çıxışı, zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimizin yüksək səviyyədə təqdim edilməsi böyük qürur hissi ilə qeyd olunmuşdur.

Daha sonra Azərbaycan Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev tamaşaçıların heyranlıqla izlədiyi “Azerbaijan – Land of Fire” “Zəfər” şou-kompozisiyaları ilə çıxış edən nümayəndə heyətini təbrik edərək onları təltifləndirmişdir.

Konsert proqramı ilə başa çatan tədbirin sonunda təltifləndirilən heyətlə xatirə fotoşəkilləri çəkilmişdir.

Azərbaycan Respublikası Atçılıq Federasiyası

f tw