+
-
30.05.2025
DSX Akademiyasında Ombudsman Aparatı ilə birgə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı arasında imzalanmış birgə tədbirlər planına əsasən DSX Akademiyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir.

Tədbirdə Akademiyanın rəhbərliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının nümayəndələri, professor-müəllim heyəti və kursantlar iştirak etmişlər.

Çıxış edənlər insan hüquqlarının qorunmasının Dövlət Sərhəd Xidmətinin fəaliyyətində mühüm yer tutduğunu vurğulamış, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığı, hüquqi biliklərin artırılması, insan hüquqlarının beynəlxalq və milli səviyyədə qorunması ilə bağlı maarifləndirici işlərin aparılmasının sərhədçilərin peşəkar hazırlığında əsas komponentlərdən biri olduğu qeyd olunmuşdur.

Daha sonra İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndəsi Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirdiyi tədbirlər, “İnsan Hüquqları Aylığı” kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumat vermişdir.

Hüquq-mühafizə və hərbi strukturlarda insan hüquqları ilə bağlı bilik və bacarıqların gücləndirilməsinin cəmiyyətin hüquqi mədəniyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığı tədbir iştirakçılarının diqqətinə çatdırılmış, insan hüquqları sahəsində mövcud milli qanunvericilik, beynəlxalq konvensiyalar, BMT-nin və AŞPA-nın müvafiq sənədləri haqqında təqdimatlar edilmiş, iştirakçılarla interaktiv diskussiya formatında fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı insan hüquqlarının təmin olunması istiqamətində DSX-nin fəaliyyəti, sərhədlərin qorunması zamanı insan ləyaqətinə hörmət prinsipi, saxlanılan şəxslərlə davranış qaydaları, qeyri-insani davranışın qarşısının alınması və Ombudsmana müraciət mexanizmləri kimi mövzulara toxunulmuşdur.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw