May ayının 22-də Türkiyə Respublikasının İstanbul şəhərində VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalına start verilmişdir.
30-dan çox ölkənin iştirak etdiyi və Dünya Etnosport Konfederasiyası tərəfindən qardaş Türkiyədə keçirilən festivalda ölkəmiz Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığında 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atı ilə təmsil olunur.
Türk dünyasının milli mənəvi dəyərlərə bağlılığını özündə ehtiva edən və minlərlə ziyarətçi qəbul edən mötəbər tədbirdə “Zəfər” şou- kompozisiyasında özünəməxsusluğu ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün yeni olan orkestrin çıxışları nümayiş etdirilmişdir.
Millimusiqi alətlərimizin ifasında səslənən “Yallı”, maestro Niyazinin “Qaytağı”sı, Emin Sabitoğlunun “İncə bellim”i, Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində qeyri-adi performanslarından ibarət şou- kompozisiya festival iştirakçılarının marağına səbəb olmuş, zövqünü oxşamışdır.
Tədbir çərçivəsində Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev arasında görüş keçirilmiş, dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq ifadə edilmişdir.
Bilal Ərdoğan Azərbaycan nümayəndə heyətinin festivala qatılmasından və sərgilədikləri möhtəşəm performansdan məmnunluğunu bildirmiş, milli sərvətimiz olan Qarabağ atlarının növbəti dəfə bütün izləyiciləri valeh etdiyini diqqətə çatdırmışdır.
Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları may ayının 25-dək davam edəcək.
Azərbaycan Respublikası Atçılıq Federasiyası