May ayının 10-da Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə keçirilən tədbirdə gənc zabitlər Fəxri xiyabana gələrək Dahi Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmiş, məzarı önünə güllər düzmüşlər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Dövlət Sərhəd Xidmətinin yaranmasında, formalaşmasında və inkişafında əvəzsiz xidmətləri, onun uzaqgörən siyasəti nəticəsində sərhədlərimizin mühafizəsinin müstəqil dövlətçiliyimizin mühüm dayaqlarından birinə çevrildiyi xüsusi vurğulanmış, bu strateji kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd edilmişdir.
Məhz cənab Prezidentin qətiyyətli siyasəti və beynəlxalq arenada nümayiş etdirdiyi prinsipial mövqe sayəsində ölkəmiz regionda söz sahibi olan qüdrətli dövlətə çevrilmiş, ərazi bütövlüyümüz, suverenliyimiz və sərhədlərimiz tam bərpa olunmuşdur. Bu şərəfli yolda Azərbaycan sərhədçiləri daim yüksək sədaqət, fədakarlıq və peşəkarlıq nümayiş etdirmişlər.
Mərasim zamanı məzunlara diplomlar təqdim olunmuş və gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul etmişlər.
Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsilin, onların vətənə bağlılığının qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradacağı, zabit andına sadiq qalaraq vətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləri əminliklə ifadə olunmuşdur.
Dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsində xüsusi rolu olan, eyni zamanda xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilən DSX Akademiyasından bu il 168 kursantın məzun olduğu, 5 kursantın isə təhsilini qırmızı diplomla başa vurduğu qeyd olunmuşdur.
Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitləri təbrik edərək onların valideynləri ilə görüşmüş, vətənə layiqli, vətənpərvər övladlar yetişdirdikləri üçün minnətdarlığını bildirmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi