Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının yekun nəticələrinə əsasən ilk dəfə olaraq 2024/2025-ci ilin məzunları arasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüş 3 nəfər, 200-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmiş 21 nəfər kursantının təltif olunmasına həsr edilmiş tədbir keçirilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dövlət Sərhəd Xidməti rəisi cənab general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən imtahanlarda yüksək nəticə göstərmiş kursantlar və məktəbin pedaqoji heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Çıxış edənlər kursantların əldə etdiyi uğurlar barədə ətraflı məlumat vermiş, onları təbrik edərək gələcək təhsillərində daha yüksək nailiyyətlər qazanmalarını arzulamışlar.
Tədbirdə iştirak edən məzunların valideynləri Xüsusi Məktəbdə yaradılmış müasir təhsil, təlim və sosial-məişət şəraitinə görə Heydər Əliyev Fonduna və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi