May ayının 5-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyununun başa çatması münasibətilə təntənəli tədbir keçirilmişdir.
Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik etmiş, belə yarışların gənclərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Vətənimizin hər yerində qürurla dalğalanan şanlı Zəfər bayrağımıza, toxunulmaz sərhədlərimizə məhəbbət hissinin aşılanmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını qeyd etmişlər.
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 45 rayondan 165 məktəbin 825 şagirdi iştirak etmiş, ilk iki mərhələnin yekunlarına görə 11 komanda aprel ayının 28-dən may ayının 5-dək final mərhələsində mübarizələrini davam etdirmişdir.
Komandalar “Sərhəd pozucusunun yaхalanması və təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralılara yardımın göstərilməsi və təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Sıra hazırlığı”, “Tək əsgərin döyüşdə hərəkət üsulu” və “Hərbiləşdirilmiş estafet” üzrə bilik və bacarıqlarını nümayiş еtdirmişlər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olmuş, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilmiş, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilmişdir.
Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Mingəçevir şəhərinin “Qartal” komandası isə üçüncü yeri tutmuşdur.
Sonda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici mükafatlar təqdim edilmiş, xatirə fotoşəkilləri çəkdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi