Aprel ayının 28-də görkəmli alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək ehtiramlarını bildirmişlər.
Dövlət Sərhəd Xidməti Aparatında davam edən tədbirdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunmuşdur.
Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, humanist şəxsiyyəti və zəngin elmi irsindən bəhs etmiş, onun oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərin bu gün də ölkəmizdə səhiyyə sahəsinin inkişafına böyük töhfə verdiyini vurğulamışlar. Qeyd olunmuşdur ki, Zərifə Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, həm də insani keyfiyyətləri ilə daim yüksək hörmət qazanmışdır.
Çıxışlar zamanı Zərifə Əliyevanın parlaq xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı, zəngin irsinin gələcək nəsillər üçün nümunə olduğu xüsusi qeyd edilmişdir.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Elegiya” sənədli filmi nümayiş etdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi