+
-
23.04.2025
ARAF dünya üzrə ən yaxşı ənənəvi idman təşkilatı elan edilmişdir

18–20 aprel 2025-ci il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) mühüm beynəlxalq nailiyyət əldə etmiş və Dünya Etnoidman Birliyi (World Ethnosport Confederation) tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülmüşdür. 

Milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunmuş mükafat federasiyanın bu sahədə apardığı uğurlu fəaliyyətin təzahürüdür.

Bu uğur ölkə rəhbərliyinin atçılıq idman növünün inkişafına göstərdiyi ali diqqətin növbəti göstəricisidir.

Azərbaycan Respublikası Atçılıq Federasiyası son illər ərzində ölkə daxilində və xaricində bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların və maarifləndirici proqramların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etmişdir.

VII Etnosport Forumu dünyanın 60-dan çox ölkəsindən nümayəndələrin, dövlət və ictimai təşkilatların, beynəlxalq qurumların və etnoidman üzrə mütəxəssislərin iştirakı ilə ənənəvi idman növlərinin təşviqi və mədəni irsin qorunması istiqamətində keçirilən əhəmiyyətli beynəlxalq tədbir olmuşdur. 

Forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılmış, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilmişdir.

 

Azərbaycan Respublikası Atçılıq Federasiyası 

f tw