Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənmiş bir qrup hərbi qulluqçunun təltif olunması ilə əlaqədar Dövlət Sərhəd Xidməti aparatında tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunan uğurlardan, o cümlədən sərhəd mühafizəsi sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışılmışdır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxışında dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunmasının ölkənin suverenliyi, ərazi bütövlüyü və daxili sabitliyinin qorunması baxımından strateji əhəmiyyət daşıdığını, sərhəd təhlükəsizliyinin mühafizəsinin ümumilikdə ölkə təhlükəsizliyinin əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.
Bununla əlaqədar sərhədçilərin üzərinə düşən məsuliyyətin böyük olduğu, yüksək peşəkarlıq və fədakarlıqla xidmət etmələri xüsusi vurğulanmışdır.
Təltif edilən hərbi qulluqçular göstərilən yüksək diqqət və etimada görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, gələcəkdə də dövlət sərhədinin qorunması uğrunda əzmlə xidmət edəcəklərinə, Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirəcəklərinə söz vermişlər.
Tədbirin sonunda təltif olunan heyətlə xatirə fotoşəkili çəkdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi