Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dinin siyasiləşdirilməsinin milli maraqlarımıza və mənəvi dəyərlərimizə təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin məqsədi dini radikalizmin və ekstremizmin qarşısının alınması, dinin siyasiləşdirilməsinin milli təhlükəsizlik və ictimai sabitlik üçün doğura biləcəyi risklər barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olmuşdur.
Çıxış edənlər dini dəyərlərin dövlətçilik prinsipləri ilə uzlaşmasının əhəmiyyətindən, radikal dini ideologiyaların gənclər arasında yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışmışlar.
Tədbirdə dinin cəmiyyətdəki rolu, dövlət-din münasibətləri, dini tolerantlıq ənənələri, eləcə də dini biliklərin düzgün mənbələrdən əldə olunmasının əhəmiyyəti vurğulanmış, iştirakçıların sualları cavablandırılmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi