+
-
09.03.2025
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir

 

Dövlət Sərhəd Xidmətinin aparatında və bölgələrdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir.

Çıxış edənlər tarixən zəkası, mərdliyi və fədakarlığı ilə seçilən Azərbaycan qadınının müasir dövrdə cəmiyyətin bir çox sahələrində, o cümlədən hərbi, təhlükəsizlik, elm, təhsil, mədəniyyət və incəsənətdə mühüm töhfələr verdiyini, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirak etdiyini xüsusi vurğulamışlar.

Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri əsasında bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün yüksək iş şəraiti yaradılmışdır. Burada onlar sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm vəzifələri məsuliyyətlə yerinə yetirir, hərbi təhsil, analitik araşdırmalar, tibbi təminat və digər vacib sahələrdə uğurla fəaliyyət göstərərək həm döyüş tapşırıqlarını icra edir, həm də gələcək sərhədçi kadrların hazırlanmasında mühüm rol oynayırlar.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qətiyyəti, vətənə sədaqəti ilə fərqlənən sərhədçi qadın hərbi qulluqçuları və mülki işçiləri əlamətdar gün münasibəti ilə təbrik edərək xidməti fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulamışdır. 

Tədbirdə xidmətdə fərqlənmiş bir qrup qadın hərbi qulluqçu və mülki işçi Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən təltif edilmişdir.

Təltif olunan sərhədçi qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, gələcəkdə də respublikamızın sərhəd təhlükəsizliyinin təmin olunmasında əzmlə çalışacaqlarını ifadə etmişlər.

Keçirilən silsilə tədbirlər çərçivəsində şəxsi heyət şəhid ailələrini ziyarət etmiş, şəhid analarına və xanımlarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılmış, gül dəstələri təqdim edilmişdir.

Görüşlərdə şəhidlərin ailələrinin və müharibə əlillərinin sosial təminatının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu ifadə edilmiş, şəhid sərhədçilərin döyüş yolu və qəhrəmanlıqları haqqında danışılmış, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu qeyd edilmişdir. 

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

f tw