Yanvar ayının 5-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə “Super Kubok”un final oyunu keçirilmişdir.
Tədbirdə rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak etmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir möhtəşəm qapanış mərasimi ilə davam etmişdir.
Qapanış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə rəng qatmışlar.
“Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi “Sərhədçi” komandası ilə Çövkən üzrə “Prezident Kuboku”nun qalibi “Elit” komandası mübarizə aparmış, gərgin və dinamik oyunun sonunda isə “Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək “Super Kubok”un sahibi olmuşdur.
Qalib komandaya “Super Kubok”u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Gənclər və İdman naziri Fərid Qayıbov təqdim etmişlər.
Azərbaycan Respublikası Atçılıq Federasiyası