Dekabr ayının 5-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Peşəkar Çövkən Liqasının mövsüm finalı keçirilmişdir.
Mövsüm finalında son turun oyunları, 3-cü yer və çempionluğu müəyyən edəcək həlledici qarşılaşmalar baş tutmuşdur.
Saat 15:00-dan başlayan həyəcan dolu görüşlərin hər biri idman həvəskarları tərəfindən böyük coşğu və maraqla izlənilib.
“Elit” və “Şirvan” komandaları arasında baş tutan günün ilk oyunu “Elit” komandasının 5-0 xal üstünlüyü ilə başa çatmışdır. Növbəti oyun “Omar” və “Qarabağ” komandaları arasında baş tutub. Gərgin mübarizədə “Omar” komandası 7-0 xal hesabı ilə “Qarabağ” komandasına qalib gəlib.
Davam edən qarşılaşmalarda “Zəfər” komandası 5-0 “Ağstafa Dilbaz”, “Polad” komandası 12-0 “Köhlən” komandası üzərində əsaslı xal fərqi ilə üstünlük əldə etmişdir.
Günün son, mövsümün isə final oyunu “Sərhədçi” 13-0 “Embawood” komandaları arasında keçirilmişdir. “Sərhədçi” komandası əzmkarlıq nümayiş etdirərək böyük xal fərqi ilə “Embawood” komandasına qalib gəlmiş və mövsüm başa çatmışdır.
Mövsüm sonunadək keçirilmiş ümumilikdə 18 turda 90 oyunda əldə edilmiş nəticələrə əsasən Peşəkar Çövkən Liqasının turnir cədvəlində “Sərhədçi” komandası birinci, “Polad” komandası ikinci, “Zəfər” komandası isə üçüncü yerdə qərarlaşmışdır.
Məlumat üçün bildirək ki, 14-24 dekabr 2024-cü il tarixlərində çövkən üzrə ənənəvi Prezident kuboku keçiriləcəkdir.
Azərbaycan Respublikası Atçılıq Federasiyası