Oktyabr ayının 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində media nümayəndələri, hərbi ekspert və blogerlər üçün mediatur təşkil edilmişdir.
Tədbirə qatılan qonaqlar əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, önünə güllər düzmüşlər.
Daha sonra Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi tərəfindən konfrans zalında sahil mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyəti, eləcə də suveren ərazi sularımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş tədbirlər barədə geniş məlumat verilmiş, komandanlığın nailiyyətlərini əks etdirən filmə baxılmışdır.
Sinif otaqlarında tədris prosesi ilə tanış olan qonaqlar Sahil Mühafizəsinin tarixindən bəhs edən muzeyi, Heydər Əliyev adına İdeoloji Mərkəzi və Baş Komanda İdarəetmə Mərkəzini ziyarət etmişlər.
Mediaturun davamında sərhəd gəmiləri ilə dənizə çıxılmış, üzmə vasitələrinin manevr qabiliyyəti müşahidə edildikdən sonra “Şahdəniz” yatağına vizual baxış imkanı yaradılmışdır.
Bu mediatur qonaqlara Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin fəaliyyətinin müxtəlif aspektlərini əyani şəkildə göstərərək Azərbaycan Respublikasının dəniz sərhədlərinin mühafizəsi ilə bağlı aparılan əməliyyatları daha yaxından tanıma imkanı vermişdir.
Sonda xatirə fotoşəkli çəkdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mərbuat Mərkəzi