Sentyabr ayının 16-da yeni tədris ilinin başlanması münasibətilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində tədbir kеçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə peşəkar sərhədçi kadrların yetişdirilməsində mühüm rol oynayan hərbi təhsil ocağının tarixinə qısa nəzər salınıb, tədrisin təşkilinin təkmilləşdirilməsindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən ətraflı söz açılıb.
Bildirilib ki, respublikamızda təhsilin inkişafı üçün çox əhəmiyyətli işlər görülür, yeni nailiyyətlər əldə edilir. Bu işlərin təməlində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilə, gəncliyə olan diqqəti, gələcəyə olan məqsədyönlü siyasəti dayanır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin tapşırıqlarına əsasən burada təhsil alan kursantların intellektual, hərbi-texniki bilik səviyyələrinə, dünya görüşlərinə, etiket və nəzakət qaydalarına diqqət yetirilir, onların sərhədçi ruhunda tərbiyə olunmasına xüsusi əhəmiyyət verilir.
Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarının dövlətimiz üçün lazımlı kadrlara, mətin, mübariz, cəmiyyətdə xüsusi nüfuz və hörmətə layiq olan sərhədçi zabitlərə çevriləcəkləri, onların intizamı, hərbi xidmətə məsuliyyətli münasibəti sayəsində sərhədlərimizin toxunulmazlığının daim təmin olunacağı qürur hissi ilə qeyd edilib.
Valideynlər təhsil ocağına baxış keçirərək kursantlar üçün yaradılmış yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Övladlarına tədrisə məsuliyyətlə yanaşmağı, nümunəvi davranış, yüksək nizam-intizam nümayiş edirməyi tövsiyə ediblər.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkdirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi