+
-
18.08.2024
Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi özünün 105 illik yubileyini Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin və onun siyasi irsinin davamçısı, Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah-texnikaya malik olan, iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru və su sərhədlərini sayıqlıqla qorumağa qadir olan bir qurum kimi qarşılayır.

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. 

“Elite Events Hall”da Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust 2024-cü il tarixli sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib. 

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin əlamətdar gün münasibətilə hazırladığı bayram konsertini izləyib, tədbir iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sözümüz imzamızdır” sənədli filmi nümayiş olunub.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw