+
-
13.07.2024
Magistratura pilləsinin üçüncü buraxılışı münasibətilə təntənəli mərasim keçirilib

İyul ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında magistratura pilləsinin üçüncü buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Əvvəlcə “Heydər Əliyev guşəsi”“Dəmir yumruq” kompleksi ziyarət edilib, abidə önünə güllər düzülüb.

Döyüş Bayrağı mərasim yerinə gətirilərək Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə yaradılan və ölkəmizin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsində mühüm rol oynayan DSX Akademiyasının magistratura pilləsini bitirmiş məzunlarını təbrik edərək bu yolda dəstəyini əsirgəməyən zabitlərə və pedaqoji heyətə minnətdarlıqlarını bildiriblər.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra magistr təhsilini müvəffəqiyyətlə başa vurmuş məzunların diplomları təqdim edilib.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Şahin Hüseynquliyev məzunlar adından çıxış edərək ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş qalib ölkənin qürurlu sərhədçiləri olaraq Dövlət Bayrağımızın vüqarla dalğalandığı sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarını qeyd edib.

Tədbirin sonunda məzunlar ilə xatirə fotoşəkli çəkdirilib.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw