+
-
10.04.2024
Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ramazan bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində əzmlə xidmət aparmaqdan qürur duyması vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə və Vətənə layiqincə xidmət etdiklərinə görə təşəkkür edilib. 

Xidmət etdikləri hərbi hissə ilə vidalaşaraq mülki həyata yollanan əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik ifadə edilib.

Sonda xatirə fotoşəkilləri çəkilib, xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilib və şəxsi heyət təntənəli şəkildə yola salınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw