+
-
01.02.2024
ARAF prezidenti cənab Elçin Quliyevin Baş Assambleyanın açılış mərasimində GİRİŞ NİTQİ

Beynəlxalq Çövkən Federasiyasının 

təsis Baş Assambleyasının açılış mərasimində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyevin 

GİRİŞ NİTQİ

Xanımlar və cənablar !

Hörmətli qonaqlar !

Mədəniyyətin və qonaqpərvərliyin təcəssümü olan qədim Odlar Diyarı Azərbaycanda Sizləri salamlayır və "xoş gəlmisiz" deyirəm !

Beynəlxalq Çövkən Federasiyasını təsis edəcəyimizbu tarixivə möhtəşəm tədbirdə iştirakınızla bizi şərəfləndirdiyinizə görə minnətdarlığımı bildirir, hər birinizə səmərəli fəaliyyət arzulayıram !

Burada fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadəni və Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbovu salamlayır və tədbirimizə qatılmalarına görə minnətdarlığımı bildirirəm.

Xanımlar və cənablar !

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına xüsusi qayğısı sayəsində bu sahədə ciddi uğur və nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi ən mötəbər idman turnirlərinin keçirilməsi, Olimpiya oyunlarında, dünya və qitə çempionatlarında Azərbaycanın dövlət bayrağının qaldırılması və himnimizin səsləndirilməsi bunun real nəticəsidir. Azərbaycanın milli Qarabağ at cinsinin inkişafı və Çövkənin məşhurlaşdırılması sahəsində son illər ərzində əldə etdiyimiz mühüm nailiyyətlərin əsasında da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu məsələlərə ciddi önəm verməsi durur.

Əsrlərdən bəri zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlığı ilə seçilən xalqımızın bəşəriyyətə bəxş etdiyi dəyərli nemətlərdən biri də Çövkən qədim atüstü oyunudur.

Çövkənin tarixən Azərbaycanda yaranması, inkişafı və təkmil atüstü oyuna çevrilməsi bir çox tarixi mənbələrdə öz əksini tapmışdır. XII sərdə Dahi Azərbaycan şairi, Şərq dünyasının qüdrətli mütəfəkkiri və böyük filosofu Nizami Gəncəvi məşhur "Xosrov və Şirin" poemasında qadın və kişilərin birgə oynadıqları Çövkən oyununu geniş təsvir etmişdir. XII əsrdən başlayaraq Çövkən Asiya, Avropa, Amerika qitələrinin bir çöx ölkələrində geniş yayılmış, müasir atüstü oyunların böyük əksəriyyətinin təkamülü və inkişafı üçün başlanğıc nöqtəsi olmuşdur.

Önəmlidir ki, 2013-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Çövkən - Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu"nun YUNESKO tərəfindən təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs nümunəsi kimi tanınmış, 2013-2014-cü illərdəAzərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində Arena Polo üzrə Dünya Kuboku yarışları "Polo Vətənə qayıdır" və "Polo Vətənini tanıdır" devizləri altında keçirilmişdir.

Hörmətli tədbir iştirakçıları!

Beynəlxalq Çövkən Federasiyasının hazırki təsis iclası son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu gün qəbul edəcəyimiz qərarlar Çövkənin dünya miqyasında tanıdılması, beynəlxalq idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün xüsusilə önəmli olacaqdır !

Əsas məqsədimiz - Çövkəni inkişaf etdirmək, Çövkəni təbliğ etmək, Çövkən pərəstişkarlarını sevindirməkdir !

Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlığımız və birgə səylərimiz nəticəsində qarşıya qoyduğumuz bütün məqsədlərə nail olacaq, Beynəlxalq Çövkən Federasiyasının fəaliyyətini ən yüksək səviyyədə təmin edəcəyik !

Diqqətinizə görə təşəkkür edirəm !

f tw