+
-
06.11.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

5 noyabr 2023-cü il tarixdə saat 11:00-da Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalının açılış mərasimi və ilk oyunu keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və digər qonaqlar iştirak ediblər. 

Çıxış edənlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində milli atçılığın böyük inkişaf yolu keçməsi xüsusi vurğulanıb.

Ölkəmizdə atçılığın inkişafı, güclü idmançıların yetişdirilməsi, gənclərimizin sağlam ruhda tərbiyyə olunması, Qarabağ və Dilbaz milli at cinslərinin qorunması və təbliğatı sahəsində Milli Atçılıq Festivalı kimi tədbirlərin əhəmiyyəti qeyd edilib, Gənclər və İdman Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə həyata keçirilmiş faydalı və birgə əməkdaşlıq iştirakçıların diqqətinə çatdırılıb.

Dünya Çempionatının açılış mərasimində “Süvarilər” qrupu tərəfindən çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ və Dilbaz atları üzərində xüsusi proqram nümayiş olunub, qapalı manejdə çoxsaylı izləyicilər tərəfindən “Çövkən” komandalarının oyunlarına  baxış keçirilib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən ibarət şou-kompozisiyası, fəxarət rəmzimiz olan Dövlət bayrağımızı dalğalandıraraq səhnə boyu dövrə vurmaları, rəqs ansamblının milli musiqi alətlərimizdə ifa olunan mahnılarımızın sədaları altında ənənəvi çıxışları izləyənlərin rəğbətini qazanıb.

Açılış mərasiminin ardınca püşkatmanın nəticələrinə uyğun olaraq Çövkən üzrə Dünya Çempionatının ilk 3 oyunu Türkiyə - Azərbaycan, Qazaxıstan – Mərakeş, Özbəkistan – Polşa komandaları arasında keçirilib.

Qonaqlar tərəfindən böyük maraqla izlənilən komandaların oyunları ilk görüşlərin nəticələrinə uyğun olaraq Azərbaycan 7-1 Türkiyə, Mərakeş 3-1 Qazaxıstan, Özbəkistan 4-3 Polşa hesabı ilə başa çatıb.

Çempionatın növbəti 3 oyunu qaydalara əsasən Özbəkistan – Türkiyə, Mərakeş – Polşa, Azərbaycan – Qazaxıstan arasında 6 noyabr 2023-cü il tarixdə səhər 11:00-dən etibarən oynanılacaqdır.

f tw