+
-
27.10.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatına ev sahibliyi edəcək.

“İdmanla Dostluq” devizi altında ölkəmizdə keçiriləcək mötəbər yarış Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzində cari ilin 27 noyabr tarixində start götürəcək və 3 dekabr tarixində başa çatacaq.

Tədbirlə əlaqədar keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanın dünyada idman dövləti kimi tanındığı, beynəlxalq yarışlara ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malik olduğu  bildirilib.

Çıxış edənlər bu sahə üzrə görülən işlər nəticəsində bir sıra mötəbər beynəlxalq idman qurumlarının dünya səviyyəli yarışların Azərbaycanda keçirilməsinə tərəddüdsüz razılıq vermələrini, ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının silsilə xarakter daşıdığını xüsusi qeyd ediblər.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək 19 ölkədən 400-dək  nümayəndənin iştirak etdiyi beynəlxalq idman tədbirinin açılış mərasimində rəsmi qonaqlar, o cümlədən dünyanın ən böyük idman təşkilatlarından Beynəlxalq Hərbi İdman Şurasının (CISM) nümayəndələri, yüksək rütbəli hərbçilər, beynəlxalq idman aləminin tanınmış simaları iştirak edəcəklər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw