+
-
06.10.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan tarixinin ən böyük sərkərdəsi

 

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi 

 

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə düşmənə qarşı keçirilmiş döyüş əməliyyatları Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Silahlı Qüvvələrimizin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.


Xüsusi vurğulanmalıdır ki, Vətən müharibəsində və ondan sonrakı müddətdə qazandığımız bütün zəfərlərin müəllifi və yaradıcısı, siyasi, diplomatik və hərbi müstəvilərdə atdığı ardıcıl, məqsədyönlü addımlar sayəsində bu qələbələri gerçəkləşdirən, xalqımıza qalibiyyət sevincini yaşadan şəxs - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevdir!


Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Sərhəd Mühafizəsi son 20 il ərzində ciddi inkişaf yolu keçmişdir. Çətin və mürəkkəb, lakin bir o qədər də şərəfli olan bu inkişaf yolu vaxtilə əlçatmaz kimi görünən zirvələrin fəth edilməsi yoludur. Çünki vaxtilə uzaq gələcək kimi qəbul etdiyimiz məsələlər vardı ki, indi onlar artıq günümüzün reallığıdır.


Şimal və şimal-qərb sərhədlərində müasir sərhəd mühafizə infrastrukturunun, sərhəd aviasiyasının, sahil mühafizəsinin yaradılması ilə yanaşı, dövlət sərhədinin mühafizəsində peyk texnologiyalarının tətbiqini, sərhəd məntəqələrində radiolokasiya sistemlərinin, səyyar və stasionar müşahidə və elektron-optik vasitələrin istifadəsini, xidmətdaxili rəqəmsal informasiya sisteminin formalaşdırılmasını mühüm uğur kimi səciyyələndirmək olar.


DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində müasir tələblərə cavab verən, Xəzər dənizində mürəkkəb üzmə şəraitində xidməti-döyüş tapşırıqlarını icra etməyə qadir olan "Tufan" və "Şahdağ" tipli sərhəd gözətçi gəmilərinin inşası və DSX-nin tərkibində xüsusi hava əməliyyatları qüvvələrinin yaradılması, PUA-ların effektiv döyüş tətbiqi üzrə Azərbaycan sərhədçilərinin peşəkarlığının əksər xarici dövlətin Silahlı Qüvvələrində etalon kimi qəbul edilməsi bütünlüklə yüksək nailiyyətlərdir. 


DSX Akademiyasının və Xüsusi Məktəbinin yaradılması ilə Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi tədris sisteminin formalaşdırılması, xarici dövlətlərin sərhəd mühafizə qurumlarının kursantlarının DSX Akademiyasında təhsil almaları və xarici həmkarlarımızdan bununla əlaqədar müraciətlərin daxil olmasının davam etməsi, eyni zamanda sərhədçilərin sosial-məişət vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər ötən müddət ərzində qazanılan ciddi müvəffəqiyyətlərdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə 2007-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasının, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə DSX-nin tərkibində xüsusi təyinatlı tam orta təhsil müəssisəsinin - Xüsusi Məktəbin yaradılması, Heydər Əliyev Fondunun dəstəyilə zəruri tədris və maddi-texniki baza ilə təchiz edilməsi sayəsində bu illər ərzində Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sisteminin formalaşdırılmasına nail olunub. Nəticə etibarilə Xüsusi Məktəbdə 7 il, Akademiyada 4 il olmaqla, cəmi 11 il müddətində Vətəninə, Prezidentinə, dövlətçiliyinə sadiq vətənpərvər sərhədçi zabit heyətinin yetişdirilməsi üçün tam şərait yaradılıb.


Birmənalı olaraq vurğulanmalıdır ki, bütün bu nailiyyətlər Azərbaycan sərhədçilərinə göstərilən ali diqqət və qayğının göstəricisidir. Şəxsi heyət üçün zəruri xidmət və yaşayış şəraitinin yaradılması üzrə müraciət olunan hər bir məsələyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi həssaslıqla yanaşıb. Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin bütün sərhəd dəstələrinin qarnizonları, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Sərhəd Nəzarəti, Səngəçal qəsəbəsində aviasiya bazası, "Sərhədçi" İdman Mərkəzi, Abşeron rayonunun Goradil və Lənkəran rayonunun Vel qəsəbələrində istirahət mərkəzləri inşa edilib, Dövlət Sərhəd Xidməti Aparatının binası əsaslı təmir olunub. Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 412 mənzilli yaşayış binaları tikilib, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub. Respublika miqyasında 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilib.


Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev DSX-nin hərbi hissə və bölmələrinə 43 dəfə səfər edib. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, dünya miqyasında dövlət başçısı tərəfindən hərbi quruma göstərilən diqqət və qayğının bənzərsiz göstəricisi, sərhəd mühafizəsinə verilən ən yüksək qiymətdir.


Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin 44 günlük Vətən müharibəsində göstərdiyi ciddi nəticələrin özülünü də məhz Müzəffər Ali Baş Komandanımızın qarşımızda qoyduğu tapşırıqların doğru və dəqiq yerinə yetirilməsi təşkil edir. Bu gün biz böyük qürurla deyə bilirik ki, Vətən müharibəsindən əvvəl, döyüş əməliyyatlarının gedişatı zamanı və müharibədən sonrakı dövrdə qarşıya qoyulmuş bütün tapşırıqlar layiqincə icra olunub.


İşğal altında olan torpaqların düşmən tapdağından azad edilməsinə hazırlıq işləri Dövlət Sərhəd Xidmətində 2005-ci ildən başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksək səviyyəli iştirakına zəmin yaratdı.


Bu sırada şəxsi heyətin Heydər Əliyev dövlətçiliyinə sədaqəti, hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, təmas xəttinin bilavasitə yaxınlığında xüsusi təyinatlı hərbi bazaların yaradılması, düşmən üzərində hərbi üstünlüyümüzü şərtləndirən əsas amillərdən biri olmuş pilotsuz uçuş aparatlarının alınması və həqiqi döyüş şəraitində effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılması xüsusi qeyd edilməlidir. DSX-nin çevik hərəkət qüvvələrinin formalaşdırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsi, ən yüksək səviyyədə silahlar, döyüş sursatları və hərbi ləvazimatla təchiz oluması, real döyüş təcrübəsinin əldə edilməsinə xüsusilə ciddi önəm verilməsi əsas məqamlardan biri olmuşdur.


2016-cı ilin Aprel döyüşlərində düşmən təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqelərin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahların bir neçə gün ərzində darmadağın edilməsi zamanı da Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları yüksək səviyyədə icra olundu, o cümlədən "Harop" zərbəendirici pilotsuz uçuş aparatlarının ilk döyüş tətbiqi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi.


2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını və şəxsi heyətinin peşəkarlığını nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etdi. Müzəffər Ali Baş Komandanımızın bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu.


Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində 89 sərhəd döyüş məntəqəsi, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi. Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, müqabil ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı.


2020-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.


Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi.


Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək, Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər.


Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı.


DSX-nin "Harop," "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin "SU-25" hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.


DSX-nin Vətən müharibəsində tətbiq etdiyi bu yenilik dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş "AN-2" təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq zərərsizləşdirildi.


Ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 kilometr, Ermənistanla dövlət sərhədinin 500 kilometrədək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin eyni zamanda bir neçə müstəvidə fədakarcasına apardığı mübarizə, xalqımızın Ali Baş Komandan ətrafında "dəmir yumruq" kimi birləşməsi, Silahlı Qüvvələrimizin hərbi taktiki və strateji üstünlüyü, hərbçilərimizin yenilməz döyüş ruhu 44 günlük müharibədə Ermənistan üzərində parlaq Qələbəni təmin etdi.


Vətən müharibəsində əldə edilmiş şanlı qələbə haqqında danışarkən Müzəffər Ali Baş Komandanımızın ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolunu xüsusi qeyd etmək istəyirəm. Döyüş əməliyyatlarının planlaşdırılmasından və gedişatından tutmuş hərbi qulluqçuların təminatı, sağlamlıqlarının mühafizəsi, yaralıların müalicəsi, Şuşada və digər bölgələrimizdə qədim mədəniyyətimizə və tarixi irsimizə aid abidələrin mühafizəsi, mülki vətəndaşların düşmən zərbələrindən qorunması və bu kimi onlarca digər məsələni xüsusi diqqət mərkəzində saxlayan xanım Birinci vitse-prezidentin verdiyi tapşırıqlar və bu istiqamətdə gördüyü işlər böyük Zəfərin əldə olunması üçün son dərəcə əhəmiyyətli oldu.


İşğalçı düşmən qüvvələrinə qarşı böyük əzm və fədakarlıqla döyüşmüş sərhədçilərin döyüş məharəti yüksək qiymətləndirilib, onlar müxtəlif orden və medallarla təltif ediliblər. Döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub.


Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dövlət bayramlarında, şəhidlərin doğum və anım günlərində DSX-nin ali hərbi rütbəli zabitləri tərəfindən şəhid ailələrinə baş çəkilməsi, onların məzarlarının mütləq yad edilməsi təcrübəsi formalaşdırılıb. Qazilərin müalicəsinə, onlara müharibə veteranı adının, sığorta və digər ödənişlərinin alınması üzrə sənədləşmə işlərinin görülməsinə xüsusi diqqət göstərilib, şəhid ailəsi üzvlərinin Dövlət Sərhəd Xidmətində hərbi xidmətə və işə qəbul edilmələrinə, şəhid övladlarının DSX-nin Xüsusi Məktəbinə qəbul olunmalarına tam şərait yaradılıb. Bu günədək 19 nəfər şəhid ailəsi üzvü DSX-yə həqiqi hərbi xidmətə, işə, yaxud təhsil müəssisəsinə qəbul olunub.


Bu gün sərhəddə və səngərdə böyük əzmlə xidmət aparan Azərbaycan sərhədçisi Azərbaycan-Ermənistan sərhədində üçrəngli bayrağımız altında dövlət maraqlarımızı qorumaqdan qürurludur.


Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir. İşğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 140 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Zəngilan və Füzuli beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib. 


Dövlət Sərhəd Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə 106 kilometr məsafədə yeni yollar çəkilib, 225 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 2456 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 294 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin 26 aprel, 4 oktyabr, 20 oktyabr, 25 oktyabr tarixlərdə işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələrini, cari ilin 7 avqust tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının açılışının etməsini, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkilini, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olmasını Azərbaycan sərhədçiləri böyük ruh yüksəkliyi ilə qarşıladılar. Müzəffər Ali Baş Komandanın "Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm" sözləri isə hər birimizə böyük sevinc hissləri yaşatdı.


Xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır. Necə ki, 2022-ci il sentyabr ayında sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu.

 Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı, döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi. Döyüş əməliyyatları zamanı "Harop" və "Quzğun" zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycan Respublikasının hava məkanını nəzarətdə saxlamaq imkanı verən 7 ədəd "S-300" sistemi (44 günlük müharibədə isə 8 ədəd məhv edilmişdir), döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi. Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu.


Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi.


Xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, 23 aprel 2023-cü il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" dövlət sərhədində buraxılış məntəqəsi qurulmuş və zəruri infrastrukturla təmin edilərək fəaliyyətə başlamışdır. Bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə atılmışdır. 


Bu tarixi hadisəyə ən doğru qiyməti də məhz Müzəffər Ali Baş Komandanımız vermişdir. Cari ilin avqust ayının 26-da "Laçın Şəhəri Günü" bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".


Sentyabrın 19-20-də tariximizin Ən Böyük Sərkərdəsi - Möhtərəm Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi! 


Azərbaycan ərazisində erməni separatçılığına son qoyan, xalqımızın və soydaşlarımızın uzun illər böyük həsrətlə gözlədiyi o gün yetişdi - erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan əsgərinin, Azərbaycan zabitinin vətənpərvərliyi, peşəkarlığı və döyüş məharəti qarşısında əlacsız olduqlarını etiraf etməli oldular.


Ermənistan silahlı qüvvələrinin sarsıdıcı məğlubiyyəti ilə sona çatan bu antiterror tədbirlərinin iştirakçısı olan, ümumi qələbəmizə öz töhfələrini verən hər bir Azərbaycan sərhədçisi bu ali missiyanın daşıyıcısı olmaqdan qürurludur! Azərbaycan sərhədçisi bu döyüş əməliyyatında da Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək düşmənin zirehli texnikalarını, radioelektron mübarizə vasitələrini, radiolokasiya sistemlərini, silah-sursat anbarlarını və müdafiə mövqelərini məhv etdi.


Bu Böyük Zəfər bütün dünyaya nümayiş etdirdi ki, xalqının dəstəyinə arxalanan, xalqın sonsuz inamından ilhamlanan sərkərdənin rəhbərlik etdiyi dövlət böyük güclərin müqavimətinə baxmayaraq, öz suverenliyini bərpa etməyə qadirdir!


Azərbaycan əsgərinin yenilməzliyi qarşısında döyüş meydanından qaçmaqdan başqa çarəsi qalmayan erməni separatizminin 21 sentyabr tarixdə BMT-nin Təhlükəsizlik Şurasında aldığı zərbə isə Azərbaycan dövlətinin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq nüfuzunun növbəti göstəricisi oldu.
Həm hərb meydanında, həm diplomatiya müstəvisində qazanılan bu möhtəşəm və əzəmətli Qələbənin bir adı vardır - İLHAM ƏLİYEV! 


Çünki gələcəyə hesablanmış və zərgər dəqiqliyi ilə ölçülmüş strateji qərarları ilə bu qələbəni mümkün edən, ardıcıl, məqsədyönlü və fədakar fəaliyyəti ilə onun gerçəkləşməsini günbəgün yaxınlaşdıran, bu qələbənin altından imzasını atmaqla hər bir azərbaycanlının qəlbində özünə əbədi sevgi və ehtiram məşəlini alovlandıran o şəxsiyyətin adı İLHAM ƏLİYEVDİR!


Bu gün əsgərindən generalınadək hər bir sərhədçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyur və bunun məsuliyyətini dərindən dərk edir!


Əminliklə demək olar ki, şanlı üçrəngli bayrağımız altında dövlət sərhədlərinin toxunulmazlığını, müdafiə və mühafizəsini həyata keçirmək şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında böyük və tarixi zəfərlərin qazanılmasının iştirakçısı olmağa, bu qələbələrə öz töhfələrini verməyə, bunun üçün öz qanlarını və canlarını əsirgəməməyə hər an hazırdırlar!

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetinin 6 oktyabr 2023-cü il tarixli, 217 (9384) nömrəli sayında dərc olunmuş "Azərbaycan tarixinin ən böyük sərkərdəsi" adlı məqaləsi

 

f tw