+
-
14.06.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 15 iyun - Milli Qurtuluş Gününün 30-cu ildönümünə həsr edilmiş təntənəli tədbirlər keçirilib.

Tədbirlər zamanı hərbi qulluqçular və dəvət edilən qonaqlar hərbi hissələrin Heydər Əliyev İdeoloji Mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış edilərək büstü önünə gül dəstələri qoyublar.

İyunun 14-də Dövlət Sərhəd Xidmətinin Aparatında təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Milli Qurtuluş Günü ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə 1993-cü il iyun ayının 15-də müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıtmasının ölkənin bütün sahələrində tərəqqi və dirçəlişə səbəb olması, zəmanəmizin dahi şəxsiyyətinin xilaskarlıq missiyasını yerinə yetirərək ölkəni vətəndaş müharibəsindən qurtarması barədə ətraflı məlumat verilib, məhz Ulu Öndərin qətiyyətli addımları sayəsində Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıldığı qеyd еdilib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sərhəd mühafizəsi sisteminin formalaşması və inkişafındakı xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, dövlət sərhədlərimizin işğaldan azad edildiyi, Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı böyük fəxarətlə vurğulanıb.

Tədbirin sonunda Ulu Öndərə həsr edilmiş “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw