İyunun 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 16-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılmışdır.
Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 16-cı ildönümünün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyi xüsusi qeyd edilmiş, tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması vurğulanmışdır. Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının ali təhsilli, dövlətçiliyimizə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilmişdir. Müasir elmi-tədris bazasına, yüksək ixtisaslı hərbi-pedaqoji heyətə malik Akademiyanın uğurlu inkişaf yolu keçərək hazırda beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi qürurla vurğulanmışdır.
DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olaraq, Tacikistan sərhəd xidmətinin müraciəti əsasında ilk dəfə 6 kursantın 5 illik zabit hazırlığı bu il uğurla başa çatmışdır.
Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və formalaşdırılmasında DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd olunmuşdur.
Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərimizin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi