May ayının 11-də Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” start götürmüşdür.
Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə Azərbaycandan Britaniyaya böyük yol qət etmiş 60 nəfərdən ibarət nümayəndə heyətimizin ilk çıxışı baş tutmuşdur.
Dumanlı Albionun yağmurlu havasına baxmayaraq, 20 Qarabağ atı ilə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanmışdır.
Nümayəndə heyətimizin təqdim etdiyi “Odlar Yurdu” adlı şou-kompozisiyanın əsasını Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil etmişdir.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru əməkdar jurnalist Rövşən Cahangirov, xoreoqrafı Dövlət Sərhəd Xidmətinin rəqs amsamblının bədii rəhbəri, əməkdar artist Fərid İbrahimov və suvarilər dəstəsinin quruluşçu təlimatçısı İmran Əhmədlidir.
Milli musiqi alətlərimiz tütək, zurna, balabanın ifasında “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını sözün əsl mənasında heyran etmişdir. 15 dəqiqə davam edən şou müddətində süvarilərimizin Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları xüsusi ilə diqqəti cəlb etmişdir.
Şou-proqram tədbir iştirakçıları tərəfindən coşğu ilə qarşılanmış, böyük tamaşaçı kütləsinin zövqünü oxşamış, izləyicilər təmsilçilərimizi ayaqüstə alqışlamışlar.
Nümayəndə heyətimizin çıxışları may ayının 14-dək davam edəcəkdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi